“Formula 1” üzrə dünya çempionatının Azərbaycan qran-prisində yarışacaq pilotlar yarışla bağlı düşüncələrini bölüşməkdə davam edirlər. Futbolinfo.az saytı xəbər verir ki, “Ferrari”nin sürücüsü Karlos Saynz da Bakı trekindəki mübarizəyə hazır olduğunu bildirib.
İspaniyalı idmançı Bakıda ilk dəfə təşkil ediləcək sprint yarışının onlar üçün həyəcanverici olacağını söyləyib: “Şənbə günü çətin olacaq, xüsusən də səhər oyanıb birbaşa trekə getmək. Yaxşı isinmə, bəlkə soyuq duş almalıyam. Çünki oyandığımdan əmin olmalıyam. Sprint çox gərgin və həyəcanlı olacaq”.
Onun fikrincə, məşq əvəzinə ikinci bir yarışın proqrama əlavə edilməsi doğru addımdır: “Həftəsonu daha çox yarış, daha vacib dövrələr, əlbəttə ki, bizim üçün həm əqli, həm də fiziki cəhətdən çətin olacaq. Amma bu da yeni həyəcandır. Bu, xüsusən də azarkeşləri və medianı sevindirir. Sprint yarışının reytinqinin artmasına da kömək olur”.