SOCAR-ın adı Türkiyə klubları ilə birgə hallanmaqda davam edir. Futbolinfo.az saytı xəbər verir ki, həmkarlarımız bu dəfə SOCAR-ın “Qalatasaray”ın sponsoru olmaq niyyəti ilə bağlı məlumat yayıblar.
Türkiyə mətbuatında bildirilib ki, “Qalatasaray”ın “Qarabağ”la keçirdiyi xeyriyyə matçı Azərbaycan şirkətinin diqqətini cəlb edib. Hətta SOCAR-ın adının “Cim-Bom”un stadionuna verilməsi də gündəm mövzusudur.
İddiaya görə, şirkət “Qalatasaray”la 4 illik müqavilə imzalamaq niyyətindədir və hər il üçün 20-25 milyon avroluq rekord məbəğdə ödənişə hazırdır. Bundan başqa, SOCAR-ın bir ulduz futbolçu transferi boyun olduğu da gəzən söz-söhbətlər arasındadır.
Lakin SOCAR dərhal məlumata münasibətini bildirib. Şirkət yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib: “Son günlər bəzi xəbər saytlarında yer alan SOCAR-ın Türkiyənin futbol klublarına sponsorluq məsələsi həqiqətə uyğun deyil. Türkiyəyə sponsorluq strategiyamız daxilində hər hansı bir futbol klubuna sponsor olmaqla bağlı planımız yoxdur”.
Qeyd edək ki, SOCAR-ın adı müxtəlif dönəmlərdə “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor”la da birgə hallanıb.