MBA-da bu gecə cəmi bir oyun keçirilib. Atlanta şəhərində “Steyt Farm Arena”da “Houks” “Boston Seltiks”i qəbul edib. Qarşılaşma seriyanın 6-cı dueli olub.
Qeyd etmək lazımdır ki, “Atlanta”nın “Boston”a bu qədər müqavimət göstərəcəyini heç kim gözləmirdi. Xüsusilə də son oyunda səfərdə qazandıqları qələbə mütəxəssisləri çaşdırmışdı. Lakin bu dəfə cütün favorti olan “Seltiks” oyunu yüksək səviyyədə keçirərək yarımfinala vəsiqəni rəsmiləşdirib – 128:120.
Görüşün ən məhsuldar basketbolçusu 32 xal toplayan Ceylon Braun olub. Onun komanda yoldaşı Ceyson Teytum isə 30 xalla birlikdə 14 ribaundla yadda qalıb. “Atlanta” komandasında da dabl-dabl edən tapılıb. Trey Yanq 30 xalına 10 ribaund əlavə edib. Meydan sahiblərindən Deandre Hanterin 20 xalını da qeyd etmək lazımdır.
Seriyanı 4:2 hesabı ilə qazanan “Boston”un rəqibi növbəti mərhələdə “Filadelfiya Siksers” olacaq.