İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun Bakıya gəliblər.
Futbolinfo.az xəbər verir ki, idmançılarla birlikdə Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycan paytaxtına səfər edib.
Qardaş ölkənin nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Ağır Atletika Federasiyasının məsul işçiləri, idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və jurnalistlər qarşılayıblar. Bakıya səfəri ilk olaraq Fəxri Xiyabandan başlayan qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, qarşısına əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Türkiyə idmançıları İkinci Fəxri Xiyabana gedərək Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət ediblər.
Qeyd edək ki, Türkiyə idmançıları İrəvanda keçirilmiş Avropa çempionatında qazandıqları medalları Azərbaycana həsr ediblər. İdmançılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Bakıya dəvəti olunublar. Türkiyəli ağırlıqqaldıranların səfər zamanı paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.