MBA-da bu gecə 2-ci mərhələyə start verilib. Çempionatda 1-ci yeri tutan “Denver Naggets”  konfransın 4-cü komandası “Finiks Sans”ı qəbul edib.

İlk mərhələdə rəqiblərini sıradan çıxarmaqda çətinlik çəkməyən iki komandanın görüşü hamı tərəfindən ulduzların qarşıdurması kimi də gözlənilirdi. Belə ki, meydan sahiblərinin heyətində ötən mövsümün MVP-si Nikola Yokiç, qonaqlarda isə Dürant və Buker kimi ulduzlar var. Bu baxımdan ev üstünlüyü seriyada xüsusi önəm daşıyır.

Denverdə keçirilən oyunu meydan sahibləri qalib tamamlayıb – 125:107. İlk fasiləyə qədər meydanda gərginlik müşahidə edilib. Lakin ikinci periodda “Naggets” böyük üstünlük əldə edib. Elə bu üstünlüyü də komanda sona qədər qoruyub saxlayıb.

Meydan sahiblərinin heyətində Mürrey 34 xal toplayıb. Yokiç 24 xalla bərabər 19 dəfə də ribaund edib. Qonaqların heyətində Dürant 29 xal toplayıb. Bununla bərabər onun 7 dəfə topu itirməsini də qeyd etmək lazımdır. Oyundan sonra keçirilən mətbuat konfransdında ulduz basketbolçu bu amilə xüsusi diqqət yetirərək kədərləndiyini dilə gətirib. Buker isə əvvəlki oyunlarla müqayisədə elə də məhsuldar olmayıb.

Bu qələbəylə seriyada önə keçən “Naggets” növbəti oyunu da evdə keçirəcək.

Bu gün Şərq konfransında da 2-ci seriyaya start veriləcək. Orada əsas diqqət çəkən oyun “Boston”la Filadelfiyanın qarşılaşmasıdır. Həddindən artıq böyük maraqla gözlənilən seriyanın ilk oyununda “Siksers”in ulduzu Coel Embid iştirak edə bilməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp