Azərbaycanda 2011-ci ildə “Xəzər Lənkəran”ın, 2012-2015-ci illərdə isə “Neftçi”nin formasını geyinmiş syerra-leoneli sabiq hücumçu Julius Vobayın futbolinfo.az saytına müsahibəsi
– Sabiq komandanız “Neftçi” bu mövsüm Premyer Liqada 3-cü pillədə qərarlaşıb. “Ağ-qaralar”ın nəticələrindən xəbəriniz var?
– Əlbəttə ki, var. “Neftçi”nin bütün nəticələri ilə maraqlanıram. Təəssüf ki, komanda bu mövsüm gözlənilən səviyyədə çıxış etmir. “Neftçi” heç vaxt 3-cü yerlə barışmamalıdır. Yadımdadır, bizim vaxtımızda hətta 2-ci yeri tutanda belə, azarkeşlər razı qalmırdılar. İndi futbolçuların orada necə təzyiq altında olduğunu təsəvvür edirəm.
– Uğursuz çıxışın səbəbini nədə görürsünüz?
– Yeganə səbəb stabilliyin olmamasıdır. Təyin etdiyin məşqçiyə, gətirdiyin futbolçuya sona qədər güvənməlisən. Son illər “Neftçi”də bu baxımdan çatışmazlıq var. Məncə, “Qarabağ” bu mənada nümunə olmalıdır. Hər il dəyişiklik edirsənsə və sonda uğursuzluğa düçar olursansa, deməli, bunu davam etdirməyin mənası yoxdur. Eyni kollektivə güvənmək gec-tez səni uğura daşıyacaq.
– “Neftçi”nin turnir cədvəlində “Qarabağ” və “Sabah”dan geri qalmasını bu qeyri-stabilliklə əlaqələndirirsiniz?
– Məncə, başqa səbəb ola bilməz. Əgər çempionluq hədəfi ilə mövsümə başlayırsansa, işini də buna uyğun qurmalısan.
– Digər tərəfdən, “Neftçi” Azərbaycan Kubokunda finala yüksəlib…
– “Turan Tovuz”la yarımfinal mərhələsinin cavab matçının videosuna baxmışam. Dramatik oyun alınıb. “Neftçi” finala yüksəlməyə daha layiq idi. Kuboku qazansalar, Premyer Liqadakı uğursuzluğa görə komanda tənqiddən qurtula bilər. Yəqin ki, baş məşqçinin taleyi də “Qəbələ” ilə final matçından asılı olacaq. “Neftçi” sıradan bir komanda deyil. Orada uğurlu olmağa məhkumsan.
– Sizcə, hazırkı baş məşqçi Laurentsiu Regekampf postunda qalmalıdır?
– Məncə, bəli. Hər uğursuz nəticədən sonra baş məşqçi dəyişsən, heç cür uğur əldə edə bilməzsən. “Neftçi” illərdir məhz bunun acısını çəkir. İndiki baş məşqçiyə daha bir mövsüm şans vermək lazımdır. Çünki ilk ili idi, artıq həm komandanı, həm də ölkə futbolunu tanıyır. Fikrimcə, baş məşqçini saxlasalar, gələn mövsüm daha uğurlu nəticələr qazanarlar.
– “Neftçi” sonuncu dəfə 2012-13 mövsümündə – sizin vaxtınızda avrokubokların qrup mərhələsində iştirak edib. Regekampf gələn mövsüm bu uğuru təkrarlaya bilər?
– “Neftçi”nin 11 ildir avrokubokların qrupuna düşməməsi üzücü haldır. Komandanın futbolçu heyəti barədə ətraflı məlumatım olmadığı üçün hansı səviyyədə olduqlarını bilmirəm. Amma qrupa düşmək istəyən komanda mütləq güclənməlidir. Bizim vaxtımızda hər mövqedə əla futbolçular çıxış edirdi və bir-birimizi çox yaxşı başa düşürdük. Bundan başqa, oyunçuların bir-birləri uğrunda meydanda döüşmələri də vacib məqamdır. Biz belə edirdik. Uğur üçün mütləq lider oyunçular da olmalıdır. Çətin vaxtda onlar oyunu üzərlərinə götürüb, komandanı vəziyyətdən çıxarmalıdırlar.
– Ümumiyyətlə, Azərbaycanda keçirdiyiniz illəri necə xatırlayırsınız?
– Orada unudulmaz, gözəl xatirələrim oldu. Məsələn, “Xəzər Lənkəran”la ölkə kubokunu, “Neftçi” ilə isə həm kuboku, həm də çempionluğu qazandım. Avrokubokların qrup mərhələsində iştirak edən ilk komandanın bir parçası oldum. Xüsusən də APOEL-lə matçı heç vaxt unuda bilmirəm. Həmin vaxt heç kim bizdən qələbə gözləmirdi. Kiprdəki görüş həm mənim, həm də Azərbaycan futbolu üçün xüsusi idi. Qrup mərhələsində mübarizə aparmaq, “İnter” kimi Avropa nəhənginə qarşı İtaliyada 90 dəqiqə çıxış etmək hər adama nəsib olmur.
– Keçmiş komanda yoldaşlarınızla hələ də əlaqə saxlayırsınız?
– Əlbəttə, bəzi komanda yoldaşlarımla hərdən danışıram. “Neftçi”dən tez-tez mənə mesajlar yazırlar. Onların yeri qəlbimdə ayrıdır. Çünki həmişə dəstəklərini hiss etmişəm. Bu klubun uğurlarına həmişə sevinmişəm. Ümid edirəm ki, “Neftçi” əvvəlki gücünü qaytarar, yenidən Azərbaycanın ən yaxşısı olar.
FƏRİD