Bu gün minifutbol üzrə Ulu Öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək. Bakıda yarışda 8 komanda mübarizə aparacaq.
Elşad Quliyevin çalışdırdığı Azərbaycan millisi A qrupunda Çexiya, İtaliya, Gürcüstan və Serbiya ilə qarşılaşacaq. Digər qrupda isə Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə və CAR yer alıb.
İştirakçı ölkələrin təmsilçiləri bir-birinin ardınca Bakıya gəlib. Yalnız bu gün saat 20:00-da yığmamızla Bakı Tennis Akademiyasının meydançasında üz-üzə gəlməli olan çexlər hələ də ölkəmizdə deyil. Bu komandanı gətirən təyyarə Bakı Hava Limanına eniş edə bilməyib. “Hava gəmisi” Bakı səmasında saatyarım dövrə vursa da, küləyin sürəti enişə imkan verməyib.
Belədə təyyarə Gürcüstanın paytaxtı Tiflisə istiqamət alıb. Çexiya millisinin qonşu ölkədən bura nə vaxt və necə səfər edəcəyi hələ məlum deyil. Hər halda, oyun saatınadək qonaqların gəlməsi gözlənilir.