Beləliklə, daha bir Azərbaycan qran-prisi geridə qaldı. 7-ci yarış üçün şüar “Gözlənilməzə hazır ol!” seçildiyidən Formula 1-dən uzaq insanlar qeyri-adi şeylərin baş verəcəyini gözləyirdi. Lakin bu gözləntilər özünü doğrultmadı.
Çempionatı diqqətlə izləyən F1 azarkeşləri bu mövsüm bir komandanın digərlərindən bir baş üstün olduğunu bilir. Bu ilki mərhələlərdə maraq doğuran sual “Red Bull”un hansı pilotunun qalib gələcəyidir. Onlar da sağ olsunlar, hələ ki, intriqanın ölməyinə imkan vermirlər. Geridə qalan 4 qran-prini aralarında qardaş payı kimi bölüşdürürlər. Yerdə qalan 18 pilotun işi isə podiumun son pilləsi uğrunda mübarizə aparmaqdır.
Azərbaycan qran-prisindən əvvəl burada da “Red Bull”un qalib gələcəyi gözlənilirdi. Çünki maşın üçün bu trass idealdır. Uzun düzlüklərdə və DRS-lə Maks Ferstappenlə Serxio Peresə çatmaq mümkün olmur.
Həftəsonu başverənlər bunu bir daha sübuta yetirdi. Cümə və şənbə günü “Ferrari”nin performansı bir qədər azarkeşləri ümidləndirmişdi. Lakin əsl ekspertlər və “Ferrari”nin özü də bunun yalnız bir dövrəlik uğur olduğunu bilirdilər. Şarl Lekler də mətbuat konfransında yarış zamanı müqavimət göstərə bilməyəcəklərinə eyham vurmuşdu. Həqiqətən də bazar günü əsas yarışda və bir gün əvvəl sprintdə “Red Bull”un tempinin yüksək olduğu aşkara çıxdı.
Məlum olduğu kimi, Bakıda baş tutan 6 yarışda buvaxta qədər müxtəlif pilotlar qalib gəlmişdilər. Bu tendensiyanın davam edəcəyini F1 azarkeşləri intriqanın ölməməsi üçün arzulayırdılar. Belə ki, həm Peres, həm də Ferstappenin burada qələbələri var. Digər pilotun uğuru ən azı çempionatda xal fərqinin artmaması demək idi.
Əsas ümidlər də Alonso və ötən mərhələdə özünü yaxşı tərəfdən göstərən “Mercedes”ə idi. Lakin bu arzular da çin olmadı. Əksinə, “Mercedes” pilotlarının uğursuz çıxışı müşahidə edildi. Görünən odur ki, Almaniya istehsalçısının Avstraliyadakı uğuru təsadüfi imiş. “Aston Martin”in uzun düzlükləri olan trasda sürətinin olmaması təsdiqləndi. Bütün bunları ümumiləşdirdikdə isə ortaya darıxdırıcı bir yarış çıxdı. Yeni format da özünü doğrultmadı. Şənbə günü sprint və onun təsnifatı pilotlar tərəfindən biganəliklə qarşılandı.
Beləliklə, budəfəki yarış Azərbaycan qran-priləri tarixində ən maraqsızı oldu. Həm şənbə günü sprinti, həm də bazar günü trasda mübarizədən əsər-əlamət olmadı. Start dövrələrində “Red Bull” üzvləri məsələni həll edərək qənaət rejimində finişə qədər gəldilər. Arxadakıların isə nəsə etməyə gücləri çatmadı. Daim ötmələri və qəzaları ilə yadda qalan Bakı yarışı bu dəfə tamaşaçıları məyus etdi.
SİYAVUŞ ƏLİYEV
P.S.: Bazar günü baş verən digər bir məqam yarışın sonundakı insidentdir. Əslində insidentdən yaxa qurtarmaqdır. Mərhələnin sonuna yaxın pit-stopa gələn Esteban Okon vaxtından əvvəl həmin zonaya buraxılan media nümayəndəsini vurmaq üzrə idi. Xoşbəxtlikdən pit-leynə girdikdə bolidlərdə limitator işə düşür. Məhz bu amil, bir də Okonun reaksiyası hamımızı bu acınacaqlı olayın baş verməsindən xilas etdi. Pit-leyndə xüsusi instruksiyalar var. Onları bilmək lazımdır. Hətta onları oxumadan da Formuladan anlayışı olan media işçisi yarış zamanı trassa çıxmağın ölümlə nəticələnəciyini bilməlidir. Pit-leyn isə yarış zamanı trassın bir hissəsidir. Çox təəssüf ki, 7 il ərzində ölkəmizdə Formula 1-in elementar qaydalarını bilən jurnalist ordusu yetişməyib.