“Kəpəz”ə qarşı oyunlarımız hər zaman gərgin və maraqlı olub. Bu oyunun da eyni cür keçəcəyi bəlli idi” – bunu futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov deyib.

Təcrübəli müdafiəçi Misli Premyer Liqasının 32-ci turunda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Rəqib qələbə qazansa idi, demək olar ki, liqada qalmağı təmin edəcəkdi. Bizim üçün də ölüm-qalım oyunu idi. Şükür ki, yaxşı mübarizə aparıb qalib olduq. Qələbə həm özümüzə inamı artırır, həm də qarşıdakı oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşmağımıza kömək edir. Çalışacağıq ki, qarşıdakı oyunlarda da qələbə qazanıb liqada qalaq”.

Hüseynov Gəncə klubuna vurduqları qolun mübahisəli olub-olmaması barədə danışmayıb: “Bu barədə danışmaq istəmirəm”.

Kapitan qarşıdakı turda “Səbail”lə qarşılaşmadan da söz açıb: “Bizim üçün finala bərabər oyundur. Evdə oynayırıq və azarkeşlərimizin dəstəyi ilə yaxşı nəticə qazanmaq istəyirik. Nə lazımdırsa, edəcəyik”.

Shares: