“Arsenal”ın baş məşqçisi Mikel Arteta zədəlilərin bolluğundan şikayətlənib. İspan çalışdırıcı ardıcıl uğursuz oyunların və nəticədə liderliyin əldən verilməsinin bir səbəbi kimi bu amili qabardıb.
Futbolinfo.az xəbər verir ki, “topçular”ın çalışdırıcısı sabah “Çelsi”yə qarşı keçiriləcək oyun öncəsi indiki vəziyyətdən çox narazı olmadığını da bildirib: “Böyük klubuq, bütün kubokları qazanmaq hədəfimizdir. Bəzən nələrsə alınmaya bilər, amma sonadək cəhd eyməliyik. Hazırda ən çox sevindiyim məqam Çempionlar Liqasına vəsiqəni təmin etməyimizdir. Artıq heç kimdən asılı deyilik”.
Arteta klubun yay planları haqda ətraflı danışmayıb: “Nə edə biləcəyimizə baxacağıq. İrəliləmək, inkişaf etmək və istədiyimiz səviyyəyə çatmaq üçün çalışırıq. Yayda hər şey çətin olacaq. Premyer Liqada ən yüksək hədəflər üçün mübarizə aparan 8-10 klub var. Hamı ən yaxşı oyunçuları transfer etməyə, güclənməyə çalışacaq. Geri qalmamalıyıq”.
İspan məşqçi “Mançester Siti”yə məğlub olduqları oyunu xatırlayıb: “Uduzmağı haqq etmişdik. Rəqib daha yaxşı oynadı və qalib gəldi. Amma biz də yaxşı komandayıq. Çox güclü rəqiblə 10 ay başabaş mübarizə aparmağımız sevindiricidir”.