“Neftçi”nin xorvatiyalı qapıçısı İvan Brkiçin karyerasını Türkiyədə davam etdirmək variantı gün keçdikcə artır. Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Trabzonspor”un baş məşqçisi Nenad Byelka həmyerlisini sərəncamında görmək fikrini ona çatdırıb.

Hətta tərəflər arasında keçidin mümkünlüyü müzakirə də olunub. İddiaya görə, 28 yaşlı qolkiper məhz Byelka amilinə görə, “bordo-mavililər”ə keçməyin əleyhinə deyil. Ancaq bu, Qara dəniz təmsilçisinin əsas qapıçısı Uğurcan Çakırın durumundan asılı ola bilər.

Əgər Türkiyə millisinin qolkiperi aldığı təkliflərdən birini qəbul etsə, o zaman Byelka “Neftçi”nin qolkiperi ilə müqavilə imzalanmasını rahatlıqla tələb edə biləcək. Brkiçin “Neftçi”nin yeni sözləşmə təklifini hələlik cavablandırmaması da “Trabzonspor” variantı ilə əlaqələndirilir.

Qeyd edək ki, İvan Brkiç ötən ilin əvvəlindən “Neftçi”nin formasını geyinir. Xorvatiyalı yayda azad agent statusu daşıyacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp