Azərbaycan millisinin futbolçusu Mahir Emreli böyük ehtimalla növbəti mövsüm yenidən Zaqreb “Dinamo”sunun formasını geyinəcək. Futbolinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi İqor Biscan onu sərəncamında görmək istədiyini rəhbərliyə bildirib.
Ante Çaçiçin dönəmində “Konyaspor”a icarəyə verilən 26 yaşlı forvard Türkiyə klubunda ümidləri tam doğrultmur. Super Liqa təmsilçisi onu yayda 1,5 milyon avro müqabilində birdəfəlik transfer etmək hüququna malikdir. Ancaq hücumçunun performansı konyalıların ürəyincə deyil.
Apreldə zaqreblilərin baş məşqçi postuna gətirilən İqor Biscan isə yayda “Dinamo”nu tərk edəcək oyunçuları müəyyənləşdirib. 45 yaşlı mütəxəssis “qara siyahı”sında Emreliyə yer verməyib. Çalışdırıcı həmyerlimizlə yanaşı, hazırda icarə əsasında başqa klublarda olan digər oyunçuların da qaytarılmasını istəyib. Biscan gələn mövsüm Çempionlar Liqasında uğurlu çıxış üçün avrobkubok təcrübəsi zəngin olan futbolçulara daha çox ehtiyac duyduğunu söyləyib.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.