AFFA İcraiyyə Komitəsi (İK) güzəştə getməli oldu. Qurumun klublara ayrılan dövlət yardımının xərclənmə istiqamətlərinə qarışmağa, qadağalar qoymağa cəhd etməsi uğursuzluqla yekunlaşdı.
Futbolinfo.az xəbər verir ki, İK üzvləri həmin vəsaitdən legionerlər transferi və maaşları üçün xərclənməsinə qarşı idi. Lakin Klublar Komitəsinin (KK) təcili yığışaraq buna qarşı çıxması nəticəsini verdi. Belə ki, qurumun İK-ya bəyanatla müraciət etməsindən sonra təklif geri götürülüb.
KK-nın növbəti həftənin əvvəlinə planlaşdırılan iclasında bu məsələ bir daha müzakirə olunacaq. Lakin indidən bəllidir ki, klubların etirazı nəzərə alınıb və onlara müsbət cavab veriləcək.