AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum klubun şikayətini qismən təmin edib.

Azərbaycan kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.

Xatırladaq ki, Kamran Quliyev Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.

Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin keçmiş futbolçusu Cavidan Rəhimli ilə bağlı qərarı isə qüvvədə saxlayıb:

  1. Cavabdeh “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilməsin.
  2. Oyunçuların Statusu və Transferi Komitəsinin 6 mart 2023-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
  3. Qərarın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddiaçı Cavidan Rəhimliyə ödənilmiş 1100 AZN nəzərə alınsın və ödənilməmiş qalan 8800 AZN pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilsin.

Xatırladaq ki, vaxtilə “Neftçi-2”nin sıralarında olmuş Cavidan Rəhimli müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün klubdan AFFA-ya şikayət etmiş və paytaxt təmsilçisi günahkar hesab olunmuşdu.

Shares: