“Turan Tovuz”un Premyer Liqada qalacağı dəqiqləşdi. Qərblilər autsayderlərdən lazımi məsafəyə qədər uzaqlaşdı və hətta qalan oyunların hamısında uduzması belə problem sayılmır. “Kəpəz” riyazi cəhətdən hələ də təhlükəli vəziyyətdədir, amma onların şəxsi oyunlarda üstün olduğuğu “Şamaxı” ilə 6 xallıq fərqi əldən verəcəy, eləcə də digər autsayderlərin bütün oyunlarda qalib gələcəyi inandırıcı deyil.

“Turan Tovuz” mövsümün əvvəlindən “özəlləşdirdiyi”6-cı pilləni də özü üçün böyük ölçüdə həll edib. “Neftçi” üzərində qələbə ilə ən yaxın izləyicisindən 6 xal öndə olan komandaya çatmaq çətin olacaq. Lakin 4:0 hesablı qələbə kimsəni aldatmasın. Bəli, meydan sahibləri qələbəyə layiq idi, bununla belə, nəticə daha çox rəqibin heyətindəki itkilərə və motivasiyasızlığa görə idi. Mövsümü 3-cü yerdə bitirəcəyi bəlli olan bakılılara xal lazım olsaydı, meydanda tam fərqli futbol izləyərdik.

İstənilən halda, 4 cavabsız qolla məğlub olmaq “Neftçi” üçün utancvericidir. Komanda kubokun finalına vəsiqə qazanıb deyə bu qədər asan təslim olmamalıydı. Baş məşqçi Laurentsiu Regekampfın üzr istəməsi sərgilənən oyuna izah verə bilməməkdən irəli gəlirdi. Təkcə bu matçda deyil, hətta qələbə qazanılan görüşlərdə də “Neftçi” dəst-xətti, oyunu olmadığına görə tənqid edilir. Və bu fiaskonun memarı elə rumın çalışdırıcıdır.

“Kəpəz” elitada yerini qorusa da, komandanın oyununda düşüş var. Komanda uğurlu oyunlar seriyasından sonra məğlubiyyətləri sıralayır. Sanki vəzifə demək olar, yerinə yetirildikdən sonra futbolçular istirahət ab-havasındadır. “Turan Tovuz” uğursuz matçlardan sonra ardıcıl 2 önəmli qələbə qazandısa, Tərlan Əhmədovun yetirmələrində vəziyyət fərqlidir. Baxmayaraq ki, bu turdakı rəqibin iddialı “Sabah” olması, “Kəpəz”in Gəncədən didərgin düşməsi də səbəblərdir.

“Şamaxı”nın “Zirə”yə məğlubiyyəti komandanın Diviziona yolçuluğunun təməlini qoydu. Bakılılar əla futbol oynayaraq qələbə qazandı, eyni zamanda bölgə təmsilçisinin gücünün tükəndiyi göründü. Yerli futbolçularla bu aqibət gözlənilən idi və finişə doğru əsl bacarıq ortaya çıxır. “Şamaxı” düşdüyü son pillədən çətin çıxsın. Hətta komandanın son turda “Səbail”lə matça kim şanslarını əldən verəcəyini gözləmək olar.

“Səbail”ə gəlincə, Bayıl təmsilçisi bu mövsüm səfərdə ilk qələbəsini qazanmaqla özünə gəldi. Əslində, hər şey “Sumqayıt”ın istədiyi kimi gedirdi. “Kimyaçılar” hesabı açmışdı və Premyer Liqada qalmaq problemini həll etməyə hazırlaşırdı. Lakin müdafiədə kobud səhvlə hesab bərabərləşdi, ruhlanan qonaqlar əzmkar qələbəyə nail oldu. Bu nəticə “Sumqayıt”ın da son 3 tura stress içində girəcəyi deməkdir.

“Sumqayıt” daha pis durumda deyilsə, Elçin Məsiyevə minnətdar olmalıdır. “Kəpəz”lə səfər oyununda VAR hakimi olan bu şəxs baş hakim Tural Qurbanovla birlikdə gəncəlilərn qapısına ofsayddan vurulan qolu hesaba almaqla onların hələ də son pillədən 5 xal öndə olmasını təmin edib.

Turun başa çatan 4 oyununda daha bir maraqlı fakt reallaşan 14 qolun 13-ü legionerlərin, birini isə Ukraynada yetişən həmyerlimizin vurmasıdır. Bəlkə də elə bu üzdən klublar legioner limitinn “7+4”-dən “8+3”- dəyişdirilməsini tələb edir.

Tura Suraxanıda yekun vurulacaq. “Qarabağ” qalib gələrək təqibi dayandırmayan “Sabah”dan uzaqlaşmaq və çempionluğu daha tez rəsmiləşdirmək istəyir. Lakin 4-cü pilləni tutmaq istəyən “Qəbələ” asan təslim olmayacaq. Bölgə klubunun ağdamlıları kubokdan kənarlaşdırdığını nəzərə alsaq, daha bir sürpriz mümkündür.

FƏRİD

Shares: