Azərbaycanda 2012-2016-cı illərdə “Neftçi”nin, 2018-19 mövsümündə isə “Sabah”ın formasını geyinmiş 36 yaşlı paraqvaylı yarımmüdafiəçi Erik Ramosun Futbolinfo.az saytına müsahibəsi

– Azərbaycandan ayrıldıqdan bəri çempionatımızla maraqlanmısınız?

– Məsafə uzaq, saat fərqi çox olsa da, Azərbaycan çempionatını daim diqqətdə saxlayıram. Ən çox da keçmiş komandam “Neftçi”nin matçlarını izləməyə çalışıram.

– “Neftçi”nin ifsasında sərgilənən oyun ürəyinizcədir?

– Təəssüf ki, “Neftçi” mən də daxil olmaqla, sadiq azarkeşlərini sevindirə bilmir. Komanda bu mövsüm də bürünc medal qazandı. Ancaq heyət baxımından heç də pis görünmürlər. Mövsümün əvvəlində bu komandanın çempionluğa iddia edəcəyini proqnozlaşdırırdım. Amma nədənsə, heç ikinci ola bilmədilər. Bunun fonunda üçüncülüyü uğurlu saya bilmərəm. Yalnız Azərbaycan Kuboku mövsümü xilas edə bilər.

– Kubokun final görüşü “Bakcell Arena”da olacaq. Sabiq komandanızın kuboku qazanmaq şansını necə dəyərlədirirsiniz?

– Final matçının “Bakcell Arena”ya salınması “Neftçi”nin işini ikiqat asanlaşdırıb. Belə tarixi klubun mövsümü titulsuz başa vurması qəbulolunan deyil. İmkan düşdükcə, Azərbaycan çempionatındakı digər komandaların çıxışlarına da baxıram. Məsələn, kubokun finalındakı rəqib “Qəbələ” baxımlı futbol oynayan komandadır. Onlarda yaxşı braziliyalılar var. Amma fikrimcə, ölkə kubokunu “Neftçi” qazanacaq. Bu komanda kuboku sonuncu dəfə qazananda heyətdə mən də var idim. Həmin vaxt da finalda “Qəbələ” ilə qarşılaşmışdıq. İndi yenə həlledici görüşü həyəcanla gözləyirəm.

– Dediniz ki, “Neftçi”nin çempionluğa iddia edəcək heyəti var. Bəs niyə birincilik şansını çox öncədən itirdilər?

– Etiraf edək ki, bu gün Azərbaycanda “Qarabağ”la eyni yerə iddia eləmək çətindir. Struktur baxımından çox güclüdürlər, avrokuboklarda uğurlu çıxış edirlər. Məncə, “Neftçi”nin mübarizədən erkən qopmasının səbəbi əsas rəqibləri ilə şəxsi oyunlardakı zəif nəticələr oldu. Həlledici rolu bu oynadı.

– Digər sabiq komandanız “Sabah”ın adını heç çəkmirsiniz…

– “Sabah”la heç bir incikliyim, problemim yoxdur. Onların ikinci pillədə qərarlaşmaları Premyer Liqaya əlavə rəng qatır. “Sabah”ın bu nəticələri bir neçə ildir aparılan düzgün işin nəticəsidir. “Sabah”ın gümüş medal qazanması, avrokuboklara yollanması məni sevindirir. “Neftçi” də kuboku qazansa, sevincim ikiqat olacaq.

– 2019-cu ildə “Sabah”dan gedişiniz müzakirə mövzusuna çevrilmişdi. Bəlkə həmin vaxt yaşananlar qəlbinizi qırıb?

1532421547 9119338 - Futbolinfo.az

– Düzünü deyim, həmin yay başverənlərin səbəbini hələ də fikirləşirəm. Rəhbərlik məni şoka salmışdı. Çünki əvvəlcə yeni müqavilə təklif etdilər, razılaşdım. Amma qısa müddət sonra bildirdilər ki, bu, alınmayacaq. Qısa zaman kəsiyində belə sürətli fikir dəyişikliyi mənə də maraqlı qaldı.

– Azərbaycandan getdikdən sonra buradan heç təklifiniz oldu?

– Təəssüf ki, olmadı. Halbuki Azərbaycana qayıtmağı çox istəyirdim. Çünki oranı çox sevirəm. Beş ildən çox Bakıda yaşadım, Azərbaycan mənim ikinci vətənim kimi oldu. Ora ilə bağlı heç vaxt unutmayacağım gözəl xatirələrim cəmləşib.

– Sabiq komandalarınızı sizin dönəminizdəki heyətlərlə müqayisə edə bilərsiniz?

– “Neftçi”də stabillik var idi, eyni futbolçular uzun müddət bir yerdə çıxış etmişdi. Bir-birimizi çox yaxşı başa düşürdük. Ancaq son illər bu stabillikdən əsər-əlamət qalmayıb. Gah futbolçu, gah da məşqçi heyətini dəyişirlər. Bütün bunlar da uğursuzluğun əsas səbəbidir. O ki qaldı “Sabah”a, yeni yaranmış komanda idi, təzə-təzə formalaşmağa başlamışdı. Heyətində yaxşı oyunçular olsa da, təcrübəsiz idi. Futbolçulara da uyğunlaşmaq üçün vaxt lazım idi. Amma indiki “Sabah”da stabillik var, komanda getdikcə daha güclü təsir bağışlayır. Bu şəkildə davam etsələr, bir müddət sonra çempionluğa da iddia edə bilərlər.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp