MBA-da bu gecə iki maraqlı görüş baş tutub. Bazar gününün ənənəsinə uyğun olaraq bu dəfə də Şərq konfransında oyun tez başlayıb.

Evdə keçirdiyi ilk oyunda məğlub olan “Filadelfiya Siksers” “Boston Seltiks”i məğlub edib. Seriyada hesab 2:1 Boston komandasının xeyrinə olduğundan bu görüşdə məğlubiyyət Dok Riversin komandası üçün faciəyə bərabər idi. Həm də nəzərə almaq lazımdır ki, bundan sonrakı qarşılaşma da məhz basketbolun vətənində keçiriləcək.

Oyunun ilk yarısı Filadelfiya təmsilçisinin xeyrinə olub. Onlar ilk periodda üstünlük əldə ediblər. Lakin 4-cü periodda Boston komandası geridönüş edərək hesabı öz xeyrinə dəyişməyi bacarıb. Cütün taleyini həll edən atışlardan biri son saniyələrdə baş verib. Ceyms Hardenin dəqiqliyi hesabın bərabərləşməsinə səbəb olub. Overtaymda “Seltiks” yenə də öndə olub. Lakin bu dəfə də Harden səhnəyə çıxıb və son atışı dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb – 116:115.

Görüşün qəhrəmanı olan Hardenin aktivində 42 xal, 8 ribaund və 9 asist var. Embid görüşü 34 xalla tamamlayıb. Qonaqların heyətində Teytum 24 xal toplayıb. 23 xala malik Braun Hardenin son atışının qarşısını ala bilmədiyinə görə özünü günahlandırıb. 21 xal toplayan Markus Smart isə əsas vaxtın sonlarında topu səbətə göndərməyə vaxt tapmayıb.

Beləliklə , seriyada hesab bərabərləşib. 5-ci qarşılaşma Bostonda keçiriləcək.

Gecənin digər dramatik oyunu Finiksdə baş tutub. İlk iki oyunda evdə qalib gələn “Naggets” səfərdəki oyunlardan əliboş dönür. Bu dəfə “Sans” 129:124 hesabı ilə qalib gəlib.

Burada da oyunda son saniyələrə qədər gərginlik davam edib. Serbiyalı basketbolçu Nikola Yokiç rəqib komandanın sahibi Metyu İşbiyanı itələdiyinə görə diqqət mərkəzinə düşüb. Oyunda isə serb 53 xal toplayıb. Bu da “Denver” komandası üçün play-off rekordudur. Digər komandada Bukerlə Dürant identik göstəricilər nümayiş etdiriblər – hər ikisi 36 xal toplayıb. Buker 12 asist, Dürant isə 11 ribaund edib.

Beləliklə, bu seriyada da hesab bərabərdir. Növbəti oyun Denverdə keçiriləcək.

79ffd277 3e61 446f ac69 0eb69789a0fb - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp