“Turan Tovuz”un müdafiəçisi Roderik Millerin Futbolinfo.az saytına müsahibəsi

– “Neftçi” üzərində 4:0 hesablı qələbəni gözləyirdiniz?

– Çox yaxşı matç keçəcəyini düşünürdüm. Kubokda “Neftçi”dən aldığımız məğlubiyyətdən sonra tam qələbəyə köklənmişdik. Tovuz komandasının gücünü rəqibə göstərmək istəyirdik. Komandamız yaxşı futbol oynayır. Sadəcə, bu matçda qələbə üçün bizə yaxşı enerji lazım idi.

– Liqada qalmaq üçün vacib qalibiyyət idi…

– Bilirsiniz ki, liqada qalmaq üçün qarşıda oyunlarımız var. Düzdür, müəyyən üstünlük əldə etmişik. Amma bu, kifayət etməz və biz mövsümü daha yaxşı başa vurmağa çalışacağıq. Son 3 oyun da finala bərabər olacaq. Təzyiqli oyun və daha keyfiyyətli futbolla xallar qazana bilərik.

– Öz oyununu bəyənirsən?

– Komanda yoldaşlarımın, məşqçilər korpusunun məni qəbul etmə tərzləri xoşuma gəlir. Bir çox oyunçunu həvəsləndirən bunlardır. Ona görə də hər şey yaxşıdır. Ümid edirəm ki, bu cür davam edərik.

– Bu matçı kubokun revanşı adlandıra bilərik?

– Təbii ki, futbolda belədir, revanş güc verir və daha yaxşı yanaşma tərzi aşılayır. “Neftçi” ilə kubokdakı oyunların evdə olanında yaxşı qələbə qazansaydıq, cavab matçı daha rahat keçərdi. Üstünlüyümüzü son matçdakı kim etsəydik, səfərdə gücümüzü yaxşı istifadə edə bilərdik.

– Azərbaycan çempionatı sənin nə qədər diqqətini çəkir?

– Bu liqada yaxşı rəqabət və peşəkarlıq var. Mən bura gəlməmişdən öncə dostlarımdan tövsiyələr almışdım. Onlar bildirirdilər ki, Azərbaycan liqası futbol oynamaq üçün yaxşı yerdir.

– Premyer Liqada davam etmək istəyirsən?

– Mən bunu istərdim və addım-addım hər şey yaxşıya doğru gedir. Yeni gəlmişəm və hər şey olduğu kimidir. Mövsümün sonu gələcək və necə olacağını görəcəyik. Ümid edirəm ki, burada qalacam və karyeramda daha yaxşı səhifələr olacaq.

– Dünən qol vurdun və maraqlıdır ki, bundan əvvəlki matçlarda da belə şanslar əldə etmisən. Staandart vəziyyətlərdə fərqlənmək üçün düzgün mövqe seçirsən.

– Mən həmişə təkmilləşməyə can atan biriyəm. Komandaya qol vurmaqla kömək etmək həmişə xoşdur. Bu, əsasdır. Panama millisində də bu cür qollarım olub. Keçmiş komandalarımda da standart vəziyyətlər zamanı qol vurmağa çalışmışam. Texnika futbolçu üçün vacibdir. Bu, o deməkdir ki, sən həm müdafiədə, həm hücumda faydalı olmalısan.

– Müdafiəçi kimi Azərbaycanda hansı hücumçulara qarşı oynamaq sənin üçün çətindir?

– Tam ad çəkə bilməyəcəm. Amma indiyə qədər liderlər siyahıslnda olan “Qarabağ” və “Sabah”la qarşılaşmamışam. Onların oyununu izləyəndə sürətli və texnikalı hücumçular görmüşəm. Fikrimcə, onların hücum xəttinə qarşı oynamaq çətin olacaq. Amma yaxşı fiziki güc və təcrübə ilə qarşısını almaq olar.

– Növbəti turda “Qəbələ” ilə üz-üzə gələcəksiz…

– Hər oyun fərqlidir, amma qələbə üçün meydana çıxacağımıza şübhəm yoxdur. Ümid edirəm ki, bu gün qələbə qazanmaq üçün hamımız yaxşı ritmdəyik və bu xallarla çempionatı yaxşı başa vuracağıq.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp