Bu gün AFFA-da Klublar Komitəsinin növbəti iclası keçirilib. Qurumun prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak etdiyi yığıncaqda önəmli məsələlər müzakirə edilib.

AFFA dövlət tərəfindən klublara ayrılan 3 milyon manat məbləğində yardımın legionerlərə xərclənməsinə qarşı idi. İcraiyyə Komitəsi bunu qadağan edən qərar qəbul etmək istəyirdi. Lakin bu barədə məlumatlanan Klublar Komitəsinin bəyanatından sonra geri addım atılıb. Heç nə dəyişməyəcək və vəsait bu mövsüm olduğu kimi, klubların öz istədiyi istiqamətlər üzrə sərf olunacaq.

Digər məsələ klubların büdcəsindən kəsilən 150 min manatla bağlı olub. Belə ki, klublar xaricə futbolçu transfer edə və ya icarəyə göndərə bilməsəydi, 3 milyon manatdan bu qədər məbləğ kəsilirdi. AFFA bu bəndi də ləğv edib və həmin vəsait klublara ödəniləcək.

Digər məsələ əvəzedici komandalara vəsaitin ayrılması ilə bağlıdır. Məlum olduğu kimi, bu kollektivlər hazırda I Divizion iştirakçısı kimi maddi dəstək alır. Yeni mövsümdən əvəzedicilərin ayrıca çempionatı olacaq və xərclər klubların üzərinə düşəcək. Klublar Komitəsi bu səbəbdən əlavə yardım xahiş edib. AFFA rəhbərliyi bu istəklə bağlı konkret vəd etməyib, lakin məsələ yenə müzakirə olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp