“Deməzdim ki, “Kəpəz”lə matç asan keçdi. Rəqib yaxşı mübarizə apardı” – bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın kapitanı Elvin Camalov deyib.

O, Misli Premyer Liqasının 33-cü turunda “Kəpəz”ə 3:0 qalib gəldikləri matçdan danışıb: “Sadəcə, biz əlimizə düşən fürsətləri lazımınca dəyərləndirə bildik. Qələbəyə görə təbii ki, sevinirəm”.

Yarımmüdafiəçi komandanın avrokuboklara vəsiqə qazanmasına baxmayaraq, rahatlaşmadığını da sözlərinə əlavə edib: “Bir neçə turdur ki, avrokuboklara vəsiqə qazanmışıq. Amma bundan sonra keçirdiyimiz matçlardan da 3 xalla ayrılmışıq. Bizim üçün əsas olan hər növbəti matçdır. Hər oyuna qələbə üçün çıxırıq”.

Camalov komandanın mövsümdəki çıxışı barədə isə bunları deyib: “Düzdür, hələ mövsüm başa çatmayıb, amma geri baxanda həm nəticə, həm də oyun baxımından müsbət dəyərləndirmək olar. Bununla isə kifayətlənmək mümkün deyil. Daha da inkişaf etmək lazımdır. Özümüzü yaxşılaşdırmalıyıq”.

Futbolçu 34-cü turda “Sumqayıt”la matçda qələbə üçün meydana çıxacaqlarını açıqlayıb: “Hər oyun kimi bu matçda da 3 xal istəyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp