Gəncədə “Kəpəz” televiziyasının əməkdaşları ilə “Kəpəz” futbol klubunun əsas heyətinin üzvləri arasında yoldaşlıq görüşü keçirilib. Oyun Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilib.
Futbolinfo.az xəbər verir ki, matçın əvvəlində futbolçular rəqib qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər yaradıblar. Bunun nəticəsi olaraq 15 dəqiqə ərzində jurnalistlər 3 dəfə meydanın mərkəzinə dəvət edilib. Fasiləyədək hesab daha da böyüyüb – 5:0.
İkinci hissədə özünə gələn media nümayəndələri buraxdıqları qollardan ikisinin əvəzini çıxa biliblər. Ancaq üstünlüyü əldən verməyən peşəkarlar sonadək daha 2 qol vuraraq görüşdə 7:2 hesabıyla qalib gəliblər.
BƏHRUZ MUSAYEV, GƏNCƏ