Hokkey üzrə dünya çempionatı vaxtilə idman azarkeşlərinin səbrsizliklə gözlədiyi bir turnir idi. Lakin ildən-ilə yarışın marağı aşağı düşür. Bunun səbəblərindən biri bəlkə də elə ildən-ilə olması, yəni hər il keçirilməsidir.

Futbol, basketbol və hətta voleybolla müqayisədə hokkeyçilər hər il dünya çempionluğu uğrunda yarışırlar. Bu, həm publikada , həm də idmançıların özündə həvəsi aşağı salır.

Başqa bir səbəb MHL-də oynayanların hamısının yarışa gələ bilməməsidir. Peşəkar hokkeyçi böyük müqaviləsini elə də ciddi əhəmiyyəti olmayan turnirə qurban vermək fikrində deyil. Aralarında vətənpərvər, öz bayrağı üçün itkilərə hazır olan hokkeyçilər də olur. Lakin onların böyük əksəriyyəti Avropa ölkələrinin təmsilçiləridir. Okeanın o tayında dünya çempionatları heç vaxt ciddi maraq doğurmayıb. Təkcə onu qeyd etmək lazımdır ki, 1963-cü ildən bəri hokkey üzrə dünya çempionatı yalnız bir dəfə Amerika qitəsində, o da 2008-ci ildə Kanadada təşkil edilib. Elə bu fakt deyilənləri sübut edir.

f31119a3 6dca 4c15 b04a 1336b3852fe3 - Futbolinfo.az

Son iki ildə turnirin reytinqinin bir qədər də aşağı düşməsi Ukraynadakı müharibə ilə əlaqədardır. Rusiya və Belarus komandaları dünya çempionatından xaric edilib. Nəzərə almalıyıq ki, bu yarışların tarixində ən çox çempion olan iki ölkədən biri Rusiyadır (20 dəfə SSRİ/Rusiya). Belə olan halda onların iştirakı olmadan keçirilən çempionat bir qədər tam alınmır.

Əslində, budəfəki çempionat elə Rusiyada keçirilməli idi. Ev sahibi kimi Sankt-Peterburq şəhəri çıxış edəcəkdi. Lakin məlum hadisələr üzündən turnir Finlandiya və Latviyada baş tutacaq. Qrup mərhələsindən sonra ¼ finalın iki oyunu Riqada, digər ikisi də Tamperedə olacaq. Yarımfinal və final oyunlarının məskəni Finlandiya şəhəridir.

Mayın 12-dən 28-nə qədər davam edəcək 86-cı dünya çempionatında 16 komanda mübarizə aparacaq. A qrupunda (Tampere) Finlandiya, İsveç, Çexiya, Almaniya, Danimarka, Avstriya , Macarıstan və Fransa,     B qrupunda isə (Riqa) Kanada, ABŞ, İsveçrə, Latviya, Slovakiya, Norveç, Qazaxıstan və Sloveniya milli komandaları yer alır.

Son dünya çempionatlarına nəzər saldıqda Finlandiya, Rusiya, Kanada və İsveç millilərinin dominantlığını görə bilərik. Rusiya kənarlaşdırıldığı üçün yerdə qalan komandalar bu dəfə də favoritdir. Evdə oynadıqlarına görə finləri digərlərindən üstün saymaq olar.

3e15e19e 349a 4166 9829 a4b508eb5ead - Futbolinfo.az

Hokkey üzrə dünya çempionatlarında ev sahibləri nadir hallarda çempion olurlar. Buvaxta qədər yalnız 5 komanda bunu bacara bilib. Onlardan da biri elə keçən il çempion olan Finlandiyadır.

Ümumiyyətlə , hokkey dedikdə ağla gələn ilk ölkə Kanadadır. Peşəkarlar dünya çempionatından imtina etsələr də, bu milli istənilən turnirdə favoritlər arasındadır. Buvaxta qədər 27 dəfə dünya çempionu olan Kanada qızıl qazanmadığı hallarda belə mükafatçılar sırasında yer alıb. Bu cür sabitliyin səbəbi ölkədə hokkeyçi istehsalının konveyer halını almasıdır.

Dünya çempionatlarında MHL-də mübarizəni dayandırmış oyunçuların yer alması Kanada millisinə əlavə üstünlük verir . Heyətə baxdıqda orada ancaq peşəkarları görmək mümkündür. Millinin heyətində yalnız bir nəfərin MHL klubu ilə peşəkar müqaviləsi yoxdur.

8c7cf2da 092e 42ab aa7a 18816caddf2c - Futbolinfo.az

Dünya çempionatları ilə bağlı bir sıra məqamları qeyd etmək maraqlı olar. Buvaxta qədər yarışlar yalnız Şimali Amerika və Avropada keçirilib. İlk turnirin ev sahibi Belçika olub. Aşağı diviziondan gələn komandalar elə həmin il də elitanı tərk edir. Bu tendensiya nadir hallarda qırılır. Sonuncu dəfə aşağı liqadan gəlib öz yerini qoruyan komanda Britaniya olub.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp