“Neftçi” üzərindəki qələbəni fantastik adlandırardım” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Xulu Siyanda deyib.

Cənubi afrikalı müdafiəçi Misli Premyer Liqasının 33-cü turunda “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan danışıb: “Bu qələbə doğru zamanda gəldi. Kubokun yarımfinalında “Neftçi”yə uduzduqdan sonra ruh düşkünlüyü var idi. Amma özümüzü toparladıq, “Zirə”yə 3, “Neftçi”yə 4 qol vurduq. Buna görə çox sevinirəm. Deyə bilərəm ki, yaxşı formamızı davam etdirməliyik və ayağımızı yerdən üzməməliyik”.

32 yaşlı futbolçu komandanın məqsədinə çatdığını bildirib: “Bəli, liqada qalmaq və kubokda mümkün qədər irəli getmək bizim üçün əsas məqsəd idi. Buna nail olduq və uğurlu saymaq olar. Komanda olaraq istəyimizə çatdıq. İndi bundan sonra daha yaxşı komanda olmaq haqqında düşünməliyik. Fikrimcə, biz güclüyük”.

Siyanda “Turan Tovuz”da qalmaq istədiyini də gizlətməyib: “Burada qalmaq istərdim, çünki klubda mənə yaxşı münasibət bəsləyirlər. Baş məşqçi ilə çox gözəl münasibətimiz var və buradakı oyunçuları sevirəm. Tərəfdarlar məni çox gözəl qarşıladılar, amma hamımız futbolun necə işlədiyini bilirik – heç vaxt heç  nədən əmin ola bilməzsən”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp