“Sumqayıt”ın liberiyalı oyunçusu Terrens Tisdelin futbolinfo.az saytına müsahibə verib. O, son turda “Səbail”ə uduzduqları (1:3) ev matçından danışıb, qarşıdakı matçlarla bağlı fikirlərini bildirib.

– Komandanız niyə hesabda öndə olduğu matçda məğlubiyyətə uğradı?

– Bəli, son oyunda “Səbail”ə məğlub olduq, amma bizim üçün yaxşı olmayan bir günü idi. Əvvəlcə, matçda nəzarət əlimizdə idi. Sonra bəzi texniki səhvlər komandamıza baha başa gəldi. Lakin əlimizdən gələni etdik, sadəcə, bu, yetmədi.

– İki oyunda hesabda irəlidə olsanız da, uduzmusunuz. “Qəbələ”yə 2 qol, “Səbail”ə 1 qol vurdunuz, amma rəqiblər nəticəni dəyişə bildi. Bu iki oyunda nə baş verdi?

– Komanda yaxşı əhval-ruhiyyədə idi. Bütün oyunçularımız meydanda çalışırdı, vuruşurdu. Amma bu da futbolun bir hissəsidir. Oyunun bir hissəsində üstün olursan, qalib gəlirsən, lakin sonradan uduzursan. Biz məğlubiyyətlərdən dərs alıb növbəti matçlara hazırlaşırıq.

– “Səbail”lə matçdan sonra aşağı liqaya düşmək təhlükəsini daha çox hiss etdiniz?

– Bunu bizim hiss etməyimiz normaldır. Lakin növbəti matçda qələbə qazanacağımıza və Premyer Liqada qalmaq üçün yaxşı addım atacağımıza inanıram. Biz nikbinik.

– Psixoloji cəhətdən komanda özünü növbəti matçlara necə hazırlayacaq?

– Hazırda bizdə məşqlərdə yaxşı ab-hava var. Oyunçular ciddi şəkildə çalışırlar. Bu, belə hallarda yaxşı nəticə əldə etməyin tək yoludur. Yəni əhval-ruhiyyəni yüksək tutmaq lazımdır.

– Növbəti mövsüm iddialı “Sumqayıt” olacağına ümid edirsən?

– Azərbaycan liqasında komandalar güclüdür və gözəl çempionat gedir. Burada daha yaxşı nəticələr qazana bilərik. Güclü “Sumqayıt” gözləyirəm.

– Burada qalacaqsan?

– Mən Azərbaycanı və insanlarını sevirəm. Burada rahat olmaq üçün hər şey var. Komandada da özümü yaxşı hiss edirəm. “Sumqayıt”a kömək üçün əlimdən gələni edəcəm.

– Qarşıda güclü “Sabah”la oyun var. Qalib gələ biləcəksiz?

– Növbəti matç çox güclü və keyfiyyətli komandaya qarşı olacaq. Amma 3 xal əldə edəcəyimizə inanıram. Məşqdəki ab-hava növbəti matç üçün bizə kömək edəcək əsas amildir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp