“Kəpəz” Premyer Liqada qalmaq vəzifəsini yenə yerinə yetirə bilmədi. Qələbə sayəsində Divizion təhlükəsindən birdəfəlik qurtulmaq imkanı qazanacaq gəncəlilər indi növbəti turları və ya aşkar autsayderlərin büdrəməsini gözləməlidir.

Təbii ki, “Kəpəz”in elitada qalacağı şübhə doğurmur. Amma nəzəri cəhətdən hələ də belə bir ehtimal var. Və yəqin ki, lazım olan xal fərqi yaranmayana qədər baş məşqçi Tərlan Əhmədov da rahatlaşmayacaq.

İstənilən halda, “Kəpəz” ardıcıl 2 məğlubiyyətdən sonra səfərdə vacib xal qazandı. Avrokuboklara vəsiqə qazanmaq üçün sonadək mübarizə aparmaq istəyən “Zirə”nin büdrədilməsi xal itkisi yox, qazanc sayılmalıdır.

“Zirə”nin Konfrans Liqasına yollanmaq ümidi bir qədər də azaldı. Rəşad Sadıqovun yetirmələri qalib gəlib “Qəbələ”nin büdrəməsini gözləməli olduğu bir zamanda özləri vacib xallar itirdi. Bundan öncəki ev oyununda “Turan Tovuz”a məğlubiyyət azmış kimi daha bir Qərb klubu qəsəbə təmsilçisini hədəfindən uzaqlaşdırdı.

“Qartallar” hər nə qədər ümid etsə də, avrokuboka vəsiqə qazanmaq xəyalları reallaşana oxşamır. Bu qədər bəsit səhvlər edən müdafiə xətti ilə “Zirə”nin yüksək nəticə qazanması mümkünsüzdür. Ardıcıl iki ev oyununda standart vəziyyət sonrası oxşar qolların buraxılması təkrarlanırsa, deməli, ifaçılar yararsızdır. Sadıqovun yayda ilk işi səviyyəli mərkəz müdafiəçiləri və qapıçı tapmaq olacaq. Müdafiə etibarlı deyilsə, komandada özünəinam itir, hücumda effektivlik azalır. Çünki hücum həm də mərkəz müdafiəçilərinin ilk ötürməsindən başlamalıdır.

Bu mövsüm “Zirə”yə dərs olmalıdır. Klub rəhbərliyi baş məşqçi Rəşad Sadıqovla yeni müqavilə imzalamaq niyyətini bildirməklə düzgün qərar verib. Gənc çalışdırıcı probemləri bir daha gördü və mütləq lazımi addımları atacaq. Komanda hücun planında yaxşı ifaçıları tapa bilib, indi yetərsiz mövqelərə düzgün transferlər etməklə döyüşkən komanda formalaşdırmaq lazımdır. Sadıqov bunu bacaracaq təcrübəyə malikdir.

Yəqin ki, növbəti turda “Zirə”nin mövsümü 5-ci pillədə başa vuracağı dəqiqləşəcək. Şansını sonadək qovmaq niyyətində olan komandanın israrı başadüşüləndir. Bununla belə, Sadıqovun indiyədək vidalaşacağı futbolçuları müəyyənləşdirdiyini təxmin etmək olar. Komandanın müdafiəsi səviyyəli oyunçularla əhəmiyyətli şəkldə güclənməlidir. Yayda heyətin komplektləşdirilməsi prosesi uğurla yekunlaşsa, yeni mövsümdə iddialı “Zirə” görə bilərik.

Eyni sözləri “Kəpəz” haqqında da demək olar, Əhmədovun gəlişi ilə toparlanan komanda ilk öncə hazırkı heyətin özəyinin qorunmasının qayğısına qalmalıdır. Və Gəncə klubuna yeni sponsor tapılması vacibdir. Məhdud imkanlarla yalnız bu qədər uğurlu olmaq olar.

Bugünkü heç-heçə heç bir tərəfi tam qane edə bilməz. “Zirə”nin avrokubok ümidinə böyük zərbə dəydisə, “Kəpəz” elitada qalmasını rəsmiləşdirmək, 6-cı pilləyə ümid etmək arzusuna çatmadı. Kəsəsi, hər iki tərəfin planı pozuldu. Sabah onların 4-cü və 6-cı pillə uğrundakı mübarizədə əsas rəqbləri Qəbələdə üz-üzə gələcək.

FƏRİD

Shares: