“Qarabağ” mövsümün sonunda daha bir futbolçusu ilə yollarını ayıra bilər. Futbolinfo.az saytının məlumatına görə, söhbət cinah hücumçusu Rüstəm Əhmədzadədən gedir.

Ötən ilin yanvarında Ukrayna klubu “Minay”dan transfer edilən 22 yaşlı ön xətt oyunçusu Ağdam təmsilçisində heç cür ümidləri doğrulda bilməyib. Məhz bu üzdən klub onu “Zirə”yə icarəyə vermişdi. Ancaq Əhmədzadə qəsəbə təmsilçisində də gözlənilən səviyyədə çıxış etmir.

Forvardın mövsümün sonunda “Zirə”dən ayrılaraq “Qarabağ”a qayıtması gözlənilir. Ancaq o, Qurban Qurbanovun sərəncamındakı hücum xətti ilə rəqabət aparacaq durumda deyil. Futbolçu özü də bunu yaxşı başa düşür.

Ümumiyyətlə, Azərbaycan çempionatına uyğunlaşa bilməyən gənc oyunçu Ukraynaya qayıtmaq arzusundadır. Bu üzdən Rüstəm özünə daha doğma saydığı Ukrayna Premyer Liqasından təklif gözləyir. Əhmədzadənin “Qarabağ”la müqaviləsi 2026-cı ilə qədər olduğundan, onun hansısa kluba yenidən icarəyə verilmə ehtimalı daha yüksəkdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp