Növbəti mövsüm Konfrans Liqasında çıxış edəcək “Neftçi”də ən böyük qeyri-müəyyənlik kaptanla bağlıdır. Futbolinfo.az saytının məlumatına görə, komandanın lideri Emin Mahmudov gələcəyi ilə bağlı hələ də yekun qərarını verməyib.

“Ağ-qaralar” 31 yaşlı yarımmüdafiəçinin yekun qərarını gözləyir. Futbolçunun tələb etdiyi məbləğlə rəhbərliyin təklifi üst-üstə düşmür. Ölkə daxilində “Qarabağ” pleymeykerlə bağlı vəziyyəti diqqətdə saxlayırsa, oyunçunun Rusiya və Türkiyə variantları da var.

“Neftçi” tərəfi bütün ehtimalları göz önünə alaraq, Mahmudovun alternativlərini də müəyyənləşdirib. Azərbaycan millisinin kapitanı ayrılacağı təqdirdə, bakılılar “Sabah”ın orta sahə oyunçusu Aleksey İsayevlə təmasa keçəcək. 28 yaşlı yarımmüdafiəçinin klubu ilə müqaviləsinin 2025-ci ilə qədər olması “Neftçi”nin işini çətinləşdirən əsas amildir. Üstəlik, “Sabah” da daha iddialı komandadır və növbəti mövsüm çempionluğu hədəfləyir.

İsayev variantının uğursuz alınması isə “ağ-qaralar”ın diqqətini “Zirə”yə yönəldəcək. Rəhbərliyin B variantı millimizin digər üzvü Rəhim Sadıxovdur. Onun da komandası ilə gələn ilin yayına qədər anlaşması qüvvədədir. Ancaq həm “Zirə”nin avrokuboklardan kənarda qalmaq ehtimalı, həm də Sadıxovun son vaxtlar istənilən performansı sərgiləməməsi onun “Neftçi”yə keçidinə yol aça bilər.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp