Dünən keçirilən görüşlərdən sonra MBA-da daha iki yarımfinalçı müəyyənləşib. Müntəzəm çempionatda rəqibinə nisbətən daha aşağı pillədə qərarlaşan komandalar növbəti mərhələyə vəsiqə əldə edib. Bu mənada Mayami komandası xüsusilə qeyd edilməlidir. MBA tarixində ikinci dəfədir ki, mövsümü 8-ci pillədə başa vuran komanda konfrans finalına yüksəlir.

6-cı oyunun əvvəlləri “Mayami Hits” üçün uğurlu alınmayıb. Evdə oynamasına baxmayaraq, Batler və komanda yoldaşları rəqibdən geri qalıblar. Lakin böyük fasiləyə qədər hər şeyi qaydasına salmaq mümkün olub. Son iki periodda isə meydançada amansız mübarizə gedib. “Nyu-York Niks” nə qədər çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib – 92:96.

Beləliklə, komandaların yenidən  Nyu-Yorka yollanmasına ehtiyac qalmayıb. “Hits” seriyanı 6-cı oyunda tamamlayıb – 4:2.

Qonaqların heyətində Branson 41 xalla görüşün ən məhsuldar basketbolçusu olub. Mayamililərin lideri Batler qarşılaşmada 24 xal toplayıb. Adebayonun aktivində 23 xal var.

“Mayami Hits”in konfrans finalındakı rəqibi sabah müəyyənləşəcək. Digər konfransda isə final cütü məlumdur. Son çempion “Qolden Steyt Vorriors”u mübarizədən kənarlaşdıran “Los-Anceles Leykers” “Denver Naggets”ə rəqib olub.

Seriyada 3:2 hesabı ilə öndə olan Los-Anceles təmsilçisi evdə keçirdiyi oyunda rəqibinə şans verməyib – 122:101. Lebron Ceyms oyunu 30 xal, 9 ribaund və 9 assistlə tamamlayıb. Onun komanda yoldaşı Entoni Devis isə 20 ribaundla diqqət çəkib. Qonaqların heyətində Körri görüşü 32 xalla tamamlayıb.

Oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Stiv Kerr bu mövsüm komandasnın çempion kimi oynamadığını dilə gətirib. Təcrübəli mütəxəssis oyunçularına inandığını və bu heyətlə yenidən çempion ola biləcəklərini əminliklə qeyd edib.

3015a64e 6d59 4e07 b8a2 f1b618c8a8f2 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp