Mövsüm başlamadan gözlənilən yekun… “Qarabağ” növbəti çempionluğunu mövsümün bitməsinə 2 tur qalarkən rəsmiləşdirdi. 10-cu titul Bayıl stadionunda sahibini tapdı.

Ağdamlılar oyunu 3 gün sonraya ertələnən “Sabah”la xal fərqini 10-a çatdırmaqla mövsümün qalan hissəsini formallığa çevirdi. Murad Musayevin yetirmələrinin gümüş medalla kifayətlənəcəyi bəlli oldu, “Neftçi”nin 3-cü olacağı isə daha öncədən bəlli idi.

“Qarabağ” hətta bu gün xal itirsəydi belə, rahat təqvim növbəti turlarda qızıl medalları təmin etməyə imkan verəcəkdi. Lakin Qurban Qurbanovun yetirmələri işi şansa buraxmadı, vəzifəni mümkün qədər tez həll etdi. 70 dəqiqə inadla müqavimət göstərən “Səbail” ilk qolu buraxdıqdan sonra ssenari dəyişdi, darmadağın reallaşdı.

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Səbail” isə növbəti turlarda xallar qazanmalı olacaq. “Şamaxı” ilə qiyabi mübarizə davam edir və çox güman, son turun ev oyununadək belə olacaq. Bölgə təmsilçisi sabah “Neftçi” ilə səfər matçında sürpriz etməsə, turu son pillədə tamamlayacaq. Belədə növbəti iki oyun hər iki komanda üçün ölüm-dirim mübarizəsi olacaq.

“Qarabağ” möcüzə etmədi, layiq olduğu çempionluğu reallaşdırdı. “Neftçi” kökdən tez düşdü, əvəzində “Sabah” layiqli rəqib ola biləcəyini göstərdi. Lakin təcrübə amili həlledici oldu və qüvvəsini mövsüm boyunca daha yaxşı bölüşdürən ağdamlılar son nöqtəni qoymağı bacardı. Çempionatın startından zirvəni ələ keçirən komanda sonadək rəqibləri ilə yaratdığı xal fərqini qorudu və zəfərə çatdı.

Növbəti mövsüm daha maraqlı olacaq. “Sabah”ın iştahının artacağını, “Neftçi”nin özünə gələcəyini və sürpriz iddialıların gözə dəyəcəyini proqnozlaşdırmaq olar. Hələliksə “Qarabağ”ı təbrik edib, Çempionlar Liqasında uğur arzulamaq lazımdır.

FƏRİD

Shares: