“Sabah” avrokuboklara hazırdır. “Beşiktaş”la matç böyüməkdə olan paytaxt klubu üçün inkişafın növbəti mərhələsinə keçid üçün test sınağı idi və klub yüksək bal almağı bacardı.
Dünən Respublika stadionunda reallaşan matç xeyriyyə xarakteri daşısa da, daha çox beynəlxalq arenaya açılmaq baxımından “Sabah” üçün ikiqat əlamətdar oldu. Premyer Liqanın gümüş medalçısı həm futbolu, həm də təşkilatçılıq bacarığı ilə çağırışa hazır olduğunu göstərdi.
Nəticə önəmli deyil, oyun heç-heçə bitməyə də bilərdi. Əsas olan sərgilənən futbolun səviyyəsidir və bu baxımdan “Sabah” “sinifdə qalmadı”. Yayda daha da güclənəcəyi gözlənlən komanda indiki vəziyyəti ilə də istənilən komandaya diş göstərə biləcəyini isbatladı. Murad Musayevn yetirmələri rəqibdən çəkinmədi, açıq futbol oynadı və azarkeşləri məmnun edən futbol sərgilədi.
Təbii ki, belə rəqiblərlə matçlar komandanın çatışmazlıqlarının üzə çıxması baxımından da misilsiz fürsətdir. “Beşiktaş” “Sabah”a daha da gücləndirilməsi lazım olan mövqelərini “nişan verdi”. Konfrans Liqasında ilk mərhələlərdə düşəcək rəqiblər İstanbul nəhəngindən zəif olacağından, avrokubokların debütantının xoş perspektvinə ümid etmək olar.
Bu matç eyni zamanda “Sabah”ın komandadan kluba çevrilməsi yolunda önəmli fürsət oldu. Bakılılar zatən bu işə çoxdan start veriblər, hətta ölkədə ən yaxşılardan biridirlər. “Beşiktaş”la matç özünə qiymət vermək üçün yerinə düşdü. Əla təşkilatçılıq, planın qüsursuz reallaşdırılması klub rəhbərliyinin aktivinə yazılmalıdır.
Ola bilsin ki, bu matç “Qarabağ” – “Qalatasaray” matçının qismən kölgəsində qaldı. Lakin ağdamlılarla “Sabah”ın təcrübəsi müqayisəedilməzdir. “Qarabağ” avrokubokda indi davam etdirdiyi seriyanı başlayanda “Sabah” ümumiyyətlə, mövcud deyildi. Və “atlılar”ın simasında əla nümunə sayəsində görülən müsbət işlər artıq bu komandanı “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacaq səviyyəyə gətirib. Ötən ay baş tutan matçın daha bir fərqi rəqibin adı ilə bağlıdır. Etiraf etməliyik ki, “Qalatasaray” azarkeş ordusu baxımından daha adlı-sanlı komandadır.
Bununla belə, Respublika stadionunda hər şey əla təşkil olunmuşdu. İşin idman tərəfi bir yana, mənəvi baxımından edilən jest qiymətləndirilməlidir. “Sabah” sübut etdi ki, “Qarabağ”la bu baxımdan da rəqabətə girməyə hazırdır. Verilən qardaşlıq mesajları həm də ölkə çempionu ilə eyni düşüncənin bölüşülməsinin nümunəsi oldu.
Ölkənin klub futbolu etibarlı əllərdədir. “Sabah” sübut etdi ki, “Qarabağ”ın uğurları təsadüfi deyil, doğru istiqamət götürüb əmək sərf edəndə, vicdanla çalışanda hədəfə çatmaq mümkündür. Büdrəmələrdən, uğursuzluqlardan doğru dərs almaq, ən yaxşısına cəhd etmək lazımdır. Ən böyük uğur getdiyin yolu bilmək, hədəfi düzgün semək, strategiyanı buna uyğun qurmaqdır. Avrokuboklarda da eyni mənzərəni izləyəcəyimizə əminik. “Sabah” dünən bunun anonsunu verdi.
FƏRİD