“Neftçi” – “Şamaxı” matçının nəticəsi heç nəyi dəyişmədi. Qonaqların qazandığı bir xal onları son pillədən qurtarmadı, uduzsaydılar da heç nə dəyişməyəcəkdi. “Səbail”i ötmək üçün bölgə təmsilçisinə qələbə lazımdır, onu isə artıq 10 turdur qazana bilmirlər.

Hadisələrin gedişi hər şeyin son tura qalacağını, Premyer Liqanı tərk edən komandanın autsayderlərin şəxsi duelində həll olunacağını deməyə əsas verir. Bir şərtlə ki, “Səbail” növbəti turda Tovuzda qələbə qazanmasın. Bu, baş verərsə və “Qəbələ” Şamaxıda qələbə qazanarsa, son tur formallığa çevriləcək.

İndiki vəziyyətdə “Səbail” daha rahatdır. Növbəti turda hətta uduzmaq da onların şansının bitməsi anlamına gəlməyəcək. Amma “Şamaxı” xal qazanmasa, “dənizçilər”in qələbəsi ilə Diviziona enən komandanın kimliyinin bəlli olması mümkündür.

Dünən qazanılan bir xalın “Şamaxı”nı xoşbəxt etmədiyi aydındır. Amma əsl xoşbəxt olmayanlar “Neftçi” azarkeşləridir. Mövsümü bürünc medalla başa vuracağı öncədən bəlli olan paytaxt klubu bərbad futbol oynamağa davam edir. Baş məşqçi Laurentsiu Regekampf havadan, sudan bəhanələr gətirsə də, problemin məhz onun özündə olduğu aydındır. “Neftçi” yaxşı futbol oynamır. Ötən tur Tovuzda 0:4 hesablı tarixi məğlubiyyət alan komanda evdə autsayderə xal bağışlayırsa, avrokubokda hansı duruma düşəcəyini təsəvvür etmək çətin deyil.

Komanda toparlanaraq final matçında qalib gələ, ölkə kubokunu qazana bilər. Amma “Neftçi”nin indiki durumu onun böyük perspektivinə ümid etməyə əsas vermir. Heyət ciddi şəkildə yenilənməli, məşqçi ilə bağlı düzgün qərar verilməlidir. İndiki durumla nəinki avrokubokda, növbəti çempionatda da bakılıları xoş günlər gözləmir. Tovuz fiaskosu, dünənki heç-heçə, ümumiyyətlə, çempionluq yarışından erkən qopmaq təsadüf deyil, uğursuzluq zənciridir.

Bütün bunlar son günlərin, son ayların səhvlərinin nəticəsi deyil. “Neftçi” uğursuzluğu mövsüm başlayarkən əyninə biçmişdi. Baş məşqçi təyinatının çox gec reallaşması, transferlərin yubanması, heyətin vaxtında komplektləşdirilməməsi, işə başlayarkən məcburən tələsik addımlar atılması indiki mənzərənin əsas səbəbidir.

Eyni ssenarinin təkrarlanmaması üçün klub rəhbərliyi artıq indidən yay planlarını cızmalı, kubokdakı nəticədən asılı olmayaraq, qərarını verməlidir. “Qarabağ”ın, “Sabah”ın başqaları tərəfindən sıradan çıxarıldığı yarışda bu titula sahib çıxmaq qəhrəmanlıq deyil. Ciddi addımlar atılmalı, mövsüm bitən kimi yeni futbol ilinin hazırlığı başlamlıdır ki, gələn il bu vaxt yenə eyni cümlələrdən istifadə etməyək.

FƏRİD

Shares: