“Turan Tovuz”dan ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, Henri Okebuqvu qərblilərin düşərgəsini tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, mövsümün əvvəlində komandaya qoşulan 25 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmayıb. Aldığı zədələrdən sonra bərpa prosesini çox gec tamamlayan, komandaya yetərincə kömək edə bilməyən nigeriyalı ilə bitən müqavilənin müddəti uzadılmayacaq.

Digər futbolçularla bağlı yekun qərar verilməyib. Xüsusilə legionerlərin taleyinə mövsüm bitdikdən sonra aydınlıq gələcək. Yerli oyunçuların isə böyük əksəriyyəti saxlanılacaq. Yalnız icarəyə götürülən futbolçuların taleyi məxsus olduqları klublardan asılıdır.

“Turan Tovuz” tezliklə bəzi oyunçularla yeni müqavilələrin bağlanmasına da başlayacaq. Şəhriyar Əliyev daha öncə yeni anlaşma imzalamışdısa, indi növbə qapıçılara – Kamal Bayramov və Tərlan Əhmədliyə çatıb. Onlar da anlaşmalarını daha bir il müddətinə uzadacaq.

Shares: