“Heydər Əliyev İli”, VIII yazı: İdmanımızın hüquqi təməli olan fərman və sərəncamlar

İqtidarın daxili siyasətinin güzgüsü qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlardır. Belə sərəncamlara nəzər yetirdikdə hökumətin diqqət göstərdiyi və prioritet gördüyü sahələri müəyyənləşdirmək olur.

Heydər Əliyevin hakimiyyəti dövründə heç bir sahə diqqətdən kənarda qalmayıb. İdman da kifayət qədər diqqət yetirilən sahələrdən olub. Bunu idmanla bağlı verilən fərmanların sayından görmək mümkündür.

Sovet hakimiyyəti zamanı hər hansı bir respublikanın özbaşına fərman imzalamaq imkanı yox səviyyəsində idi. Müstəqillik dövründə idmanla bağlı bütün lazımi qanunlar qüvvəyə mindi. Müstəqillik dövründə hakimiyyəti zamanı Heydər Əliyev qanunvericilikdə idmanla bağlı bütün boşluqları aradan qaldırdı. İmzalanan sərəncamlar da məhz buna görə idi.

Ümummilli Liderin hakimiyyəti dövründə idmana aid onlarla sərəncam və fərman imzalanıb. Heydər Əliyevin imza atdığı bu sərəncamların hamısına idman ictimaiyyəti böyük rəğbətlə yanaşıb. Əminliklə söyləmək olar ki, Heydər Əliyevin imzaladığı fərmanlar bugünkü idmanımızın hüquqi təməli rolunu oynayır. İmzalanan fərman və sərəncamların bəzilərinə yaxından diqqət yetirsək, bunun həqiqət olduğunu görərik.

1589097939 gencler - Futbolinfo.az

Ən başlıca fərmanlardan biri 1998-ci il dekabrın 28-də imzalandı. Bu fərman “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə idi. Qanun 5 bənddən ibarətdir. Bu bəndlərə nəzər yetirək:

Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bu təkliflərə idmanın inkişafına sponsorluğun əsasları və qaydası, qanunun pozulmasına dair məsuliyyətin əsaslarının hazırlanması, Olimpiya Oyunlarının mükafatçılarına, iki dəfədən çox Olimpiya idman növləri üzrə dünya və qitə çempionlarına güzəştli pensiyaların təyini və digər bəndlər daxil idi.

Bundan başqa, sərəncama əsasən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin səlahiyyətləri artırılırdı. Həmin səlahiyyətlərə əsasən idmanla bağlı əsas işləri məhz GİN görəcəkdi. Bu da ölkə qanunvericiliyində olan ikitirəliyi aradan qaldırırdı. Belə ki, bu sərəncamdan sonra ölkə idmanına cavabdeh orqan Gənclər və İdman Nazirliyi sayılırdı.

Fərmanın 3-cü bəndində bu cümlələr qeyd edilmişdi:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidentinə aşağıdakıların icrası ilə bağlı məlumat verməklə:

– Bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramını 3 ay müddətində təsdiq etsin;

– “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulduğu kimi hərbi qulluqçuların və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlığının normativlərini bir ay müddətində təsdiq etsin.

Fərmanın 4-cü bəndində Təhsil Nazirliyinin də bədən tərbiyəsi və idman sahəsində yaxından iştirakını görmək mümkündür:

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birlikdə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununun 10-cu maddəsinin 6-cı hissəsində nəzərdə tutulduğu kimi uşaqların, şagird və tələbələrin illik fiziki hazırlıq testlərinin keçirilməsi üçün dövlət normativlərini bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

- Futbolinfo.az

Ölkəmizdə idmanın inkişafına təsir edən fərmanlardan biri də 1995-ci ildə imzalanmışdı. Ümummilli Liderin 5 martda imzasını atdığı fərmanda bu bəndlər yazılmışdı:

1. Azərbaycan Respublikası Prezidenti yanında İdman Fondu yaradılsın.

2. Azərbaycan Respublikası Prezidentinin fondundan müstəsna hal kimi İdman Fonduna 2 milyard manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, İdman Fondunun Əsasnaməsinin layihəsini və İdarə Heyətinin tərkibi haqqında təklifləri 15 gün ərzində təqdim etsin.

Bu fərman idmana dövlət tərəfindən nə qədər qayğı göstərildiyinin bariz nümunəsi idi. Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi də məhz Heydər Əliyevin sərəncamı ilə yaradılmışdı. Nazirliyin yaranmasında əsas məqsəd idmanı digər nazirliklərin tabeliyindən qurtarmaq və müstəqil şəkildə, heç bir maneə görmədən inkişaf etdirmək idi.

Sadaladığımız sərəncamlardan başqa, idmançıların təltif edilməsi ilə bağlı fərmanları yaddan çıxarmamalıyıq. Belə fərmanların sayı onlarla olub. Bu fərmanlara əsasən idmançılar “Tərəqqi” medalından tutmuş “Şöhrət” ordeninə qədər təltif ediliblər.

2351e371 5954 3f65 8b3d e1deee65bdc0 - Futbolinfo.az

Bunlardan başqa, idmançıların maddi durumunu yaxşılaşdırmaq üçün seçilən atletlərə xüsusi mükafatlar və pensiyalar da ayrılıb. Olimpiya Oyunlarında fərqlənən idmançıların mükafatlandırılması ənənəsi də məhz Ulu öndərin vaxtında qoyulub. Böyük turnirlərə yollanan idmançılar bayrağımızı yüksəklərə qaldırarkən mükafatlandırılacaqlarından əmin olublar. Bu da onlara əlavə stimullar verib. Bütün bunların nəticəsidir ki, qatıldıqları turnirlərdə nəticələr ildən-ilə yüksəlmiş, qazanılan medalların sayı artmışdır.

(VII yazı ilə bu linkdən tanış ola bilərsiz)

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 - Futbolinfo.az
Shares: