“Biz oyuna yaxşı hazırlaşmışdıq. “Qəbələ” çempionatın ən yaxşı komandalarından biridir. Biz də xal qazanmaq istəyirdik. Səfərdən xalla qayıtmaq niyyətində idik. Maksimumu etdik və 3 xal qazandıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Henri Okebuqvu deyib.
Nigeriyalı oyunçu Misli Premyer Liqasının 34-cü turunda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb. Daha sonra o, zədədən qayıtmasından və hazırki durumundan bəhs edib: “Noyabrda çox ciddi zədə aldım və mənim üçün pis situasiya oldu. Artıq qayıtmışam. Komandadakı əsas yerimi itirdim. Lakin komanda yoldaşlarımın dəstəyinə görə təşəkkür edirəm”.
25 yaşlı yarımmüdafiəçi komandada qalıb-qalmayacağı ilə bağlı isə bunları deyib: “Zədə mənim inkişafıma pis təsir etdi. Lakin geri qayıtdım və komanda yoldaşlarıma qoşuldum. Məşqçinin qərarına hörmət edirəm. Mənim müqaviləm iyunda başa çatacaq. Hələ ki, təklif gəlməyib. Mən çox çalışmağa davam edəcəm. Mövsüm sonuna qədər yaxşı formaya düşmək istəyirəm. Təbii ki, “Turan Tovuz”u, Azərbaycan liqasını sevirəm. Amma dediyim ki, yeni müqavilə barədə heç nə yoxdur. Pozitivəm və mövsümün sonunu gözləmək lazımdır”.