“Araz Naxçıvan”la “Neftçi” İK arasında baş tutan final oyunu başa çatdıqdan sonra futzal üzrə Yüksək Liqanın 2022/2023-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb.

Futbolinfo.az xəbər verir ki, əvvəlcə final oyununun hakimləri – Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Murad Məmmədova diplom verilib.

“Baku Fire”in hücumçusu Oktay Rüstəmli (36 qol) çempionatın bombardiri olub. “Araz Naxçıvan”dan Emin Kürdov ən yaxşı qapıçı, “Neftçi”dən Namiq Məmmədkərimov ən yaxşı oyunçu, “Baku Fire”in çalışdırıcısı Teymur Eyvazov isə ən yaxşı baş məşqçi seçilib.

“Baku Fire”ə bürünc, “Neftçi” İK-ya gümüş, “Araz-Naxçıvan”a isə Yüksək Liqanın 2022/2023-cü il mövsümünün qalibi kimi qızıl medal, eləcə də komandaların hər birinə müvafiq diplomlar verilib. Sonda “Araz Naxçıvan”a çempionluq kuboku təqdim olunub.

Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Neftçi İdman Klubu İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər.

Shares: