Uruqvay Futbol Assosiasiyası Marselo Byelsanın milli komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb. Mütəxəssisin milli ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədə olacaq.
Futbolinfo.az xəbər verir ki, tərəflər arasında razılıq xeyli öncə əldə olunmuşdu. Rəsmi açıqlama isə yalnız indi verilir.
Byelsanın son iş yeri İngiltərə “Lids”i olub. Argentinalı mütəxəssis 2022-ci ilin fevralında komandadan ayrılıb.
Xatırladaq ki, DÇ-2022-nin sonunda baş məşqçi Dieqo Alonso komandanı tərk edib. Onun rəhbərliyi altında turnirdə komanda qrup mərhələsini adlaya bilməyib.
Byelsa əvvəllər iki dəfə milli komandalarla çalışıb. 1998-2004-cü illərdə Argentina yığmasını çalışdırarkən o, 2004-cü ildə onlarla olimpiya çempionu olub və elə həmin il Amerika Kubokunun gümüş mükafatını qazanıb. Bundan başqa, mütəxəssis Çili millisinə (2007–2010) rəhbərlik edib və onunla 2010-cu il dünya çempionatına qatılıb.