Artıq gələn ildən etibarən Formula 1-in təqvimində radikal dəyişikliklər baş verə bilər. Mərhələlərin daha məntiqli şəkidə bölüşdürülməsi müzakirə edilir.
Məlumata görə, növbəti mövsüm Avstraliyada başlana bilər. Bundan sonra Formula 1 komandaları Asiya turnesinə çıxmalı olacaqlar. Ardıcıl olaraq Çin , Sinqapur və Yaponiya qran-prilərinin keçirilməsi plandadır.
Qeyd edək ki, bu ilin təqviminə görə adı çəkilən son iki mərhələnin vaxtı payızdır. Bundan başqa Səudiyyə Ərəbistanı və Bəhreyn mərhələlərinin yerlərinin dəyişdirilməsi gözlənilir. Bunun da səbəbi Ramazan ayıdır. Gələn il orucluq martın 10-dan aprelin 9-na qədər davam edəcək.
Şayiələrə görə, Formula 1-i gələn ilin əvvəlində Cənubi Afrikaya səyahət gözləyir. Əgər Kyalamidəki trass təqvimə düşərsə, mərhələ mövsümün əvvəlində keçiriləcək. Digər bir yenilik Belçika qran-prisi ilə bağlıdır. Çox güman ki, Spa-Frankoşarmdakı mərhələ təqvimdən çıxarılacaq. 2025-ci ildən sonra isə Fransa və ya Niderlandla növbəli şəkildə yarışları qəbul edəcək.
Maraq doğura biləcək digər yeniliklərdən biri İtaliya qran-prisi ilə bağlıdır. Xatırladaq ki, hazırda təqvimdə iki belə mərhələ var. Lakin gələcəkdə onlardan biri böyük ehtimalla təxirə salınacaq. Monza üçün uzunmüddətli maliyyə tapmaq çətin olmasa da, İmoladakı yarışın 2025-ci ildən sonra keçiriləcəyi inandırıcı görünmür.
Daha bir yenilik İspaniya qran-prisinin Barselonadan Madridə köçməsidir. 2027-ci ildən etibarən bu mərhələ İspaniya paytaxtının küçələrində baş tutacaq.
Başqa bir məlumata görə, Formula 1 rəhbərliyi Cənubi Koreyada mərhələ keçirməyi müzakirə edir. Kolumbiya və Vyetnam qran-prilərinin olacağı şayiədən baş bir şey deyil. Çin qran-prisi də sual altındadır. Peletonda Quanyu Jou kimi sürücüsü olmasına baxmayaraq, çinlilər yarışı keçirməkdə həvəsli deyillər.
Daha bir məlumat Almaniya ilə bağlıdır. Çox güman ki, 2026-cı ildən başlayaraq yenidən Formula 1 bu ölkəyə qayıdacaq. Bunun da səbəbi həmin ildən yarışlara gələn “Audi” şirkətidir.
O ki qaldı Azərbaycan qran-prisinə, bununla bağlı hər hansı məlumat yoxdur. Adətən bizim yarışı FİA istədiyi vaxta salır. Amma təqvimi müzakirə edərkən yarışın paytaxtımıza uyğun vaxta salınmasına cəhd göstərmək lazımdır.