“Sumqayıt” yeni mövsümün planlarını cızır. Premyer Liqada qalacağı tam rəsmiləşməyən, amma buna çox yaxın olan “kimyaçılar” yayda heyəti necə quracaqlarını götür-qoy edir.
Futbolinfo.az xəbər verir ki, bu proses adətən klub rəhbərliyi və baş məşqçi tərəfindən birlikdə müzakirə olunmalı, qərarlar verilməlidi. Məşqçinin istəklərinə uyğun olaraq, klub rəhbərliyinin maliyyə hesablamaları ilə transfer hədəfləri müəyyən edilməli, iş aparılmalıdır. Lakin “Sumqayıt”da vəziyyət fərqlidir.
“Sumqayıt”ın menecer-prezidenti yalnız klubun uğurlarını deyil, həm də öz biznes planlarını düşündüyü üçün xəlvəti transferlərə başlayıb. Klubları ilə müqaviləsi bitən futbolçuların böyük hissəsinə xəbər göndərən Riad Rəfiyev yerli oyuçuları milli komandaya cəlb etdirəcəyi ilə şirnikləndirir, əcnəbiləri isə onlara daha yaxşı klub tapacağı ilə həvəsləndirir. Və bütün bunları baş məşqçi Samir Abasovun istəklərini nəzərə almadan edir.
Abasov da boş dayanmır. İndidən komandadakı bir çox oyunçuya özünə yeni iş yeri tapmasını tövsiyə edən baş məşqçinin öz siyahısı var. Mehdi Cənnətova “Zirə” ilə yeni müqavilə bağlamamağı tövsiyə edən çalışdırıcı Aydın Bayramovu yola salıb onu gətirmək niyyətindədir. Maraqlıdı ki, məşqçinin daim tənqid etdiyi və heyətdən kənarlaşdırdığı Bayramova Rəfiyev yeni müqavilə təklif edib.
Təbii ki, komandanın yaxşı büdcəyə rəğmən, bu qədər uğursuz çıxış etməsinin səbəbi məhz transfer oyunlarıdır. Cari mövsümdə heyətə 15 legioner cəlb edən, hətta əcnəbiləri 2 aydan sonra qovan, əksərini yayda gətirib qışda yola salan komandadan danışırıq. Prezidentin gətirdiklərini məşqçi oynatmır, məşqçinin seçdiklərini Rəfiyev incidir. Və hər iki tərəf özü üçün platsdarm açmağa çalışır.
“Sumqayıt” kimi klublarda oyunçu transferlərində seçim məşqçinin olmalı, rəhbərlik onları reallaşdırmalıdır. Düzdür, Abasov kimi seleksiya qabiliyyəti yüksək olmayan məşqçilərin hər seçimini alqışlamaq olmaz, lakin belədə qarşılıqlı müzakirə vacibdir. Əks halda, mövsüm ərzində təkcə legioner sayı 15-ə çatan komandanın son turadək Diviziona düşmək qorxusu yaşaması normaldır.
Ümumiyyətlə, Rəfiyevlə Abasovun münasibətlər normal deyil. Özü sifarişlə kluba rəhbər gedən prezident hər dəfə uğursuzluq yaşanan kimi qeyri-rəsmi söhbətlərdə Abasovu özünün seçmədiyini, tapşırıqla götürdüyünü deyir. Baxmayaraq ki, Riad bəyin gətirdiyi Aleksey Baqanın günahlarını hazırda məhz Abasov “yuyur”. İndi bu cütlüyün yeni mövsümdə necə işləyəcəyi maraq doğurur. İlk toqquşmalar artıq başlayıb.
ABBAS