Hazırda Bərdənin peşəkar futbol komandası yoxdur. Rayonda belə bir komandanın qurulmasına ehtiyac var. Veteran futbolçular da Bərdədə futbol komandasının yaradılmasının artıq zamanının gəlib çatdığı qənaətindədirlər.
Vaxtilə elitada iddialı komandası olan, zamanla ənənələri unudulan rayonun futbol ictimaiyyəti həsrətin bitməsini arzulayır. Hazırda isə rayonda yalnız uşaq futbolunun mövcud olduğunu görmək mümkündür.
Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov Bərdə rayonuna səfəri zamanı uşaq futbolu ilə yanaşı peşəkar futbol komandasının olmasını da zəruri hesab etdiyini bildirib. Veteran fubolçunun fikrincə, istənilən halda bölgədə peşəkar komandanın olmaması uşaq futboluna da mənfi təsirlərini göstərməkdədir.
Cavadov ilkin addımların atılması, Bərdədə peşəkar komandanın yaradılması üçün rayon rəhbərliyi ilə görüşmək niyyətindədir. O bu barədə rayon ictimaiyyəti ilə görüşü zamanı deyib.
BƏHRUZ MUSAYEV, BƏRDƏ