Azərbaycan Voleybol Federasiyası (AVF) bu gün keçirdiyi mətbuat konfransında qadınlardan ibarət millimizin yeni təyin olunmuş baş məşqçi türkiyəli Ataman Güneyligili ictimaiyyətə təqdim edilib.

Futbolinfo.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan mətbuat konfransında AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş məşqçi Ataman Güneyligil, fiziki hazırlıq üzrə məşqçi Gençer Yarkin, İdarə heyetinin üzvləri, federasiyasının digər nümayəndələri və jurnalistlər iştirak ediblər.

Federasiya prezidenti Şahin Bağırov çıxış edərək milli komandamızın bu il avqustda baş tutacaq Avropa çempionatına hazırlıq prosesi çərçivəsində nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Voleybolun ölkədə populyarlaşdırılması və kütləviliyinin artırılması istiqamətində görüləcək tədbirlərdən ətraflı danışan AVF rəhbəri Ataman Güneyligilə və voleybolçularımıza Avropa çempionatında uğurlar arzulayıb.

Sonra qadınlardan ibarət yığmamızın yeni baş məşqçisi Ataman Güneyligil çıxış edib. AVF rəhbərliyinə və media nümayəndələrinə təşəkkürünü bildirən 41 yaşlı mütəxəssis millimizin qitə birinciliyinə hazırlıq prosesindən danışıb, yaxın günlərdə əsas heyətin müəyyənləşdiriləcəyini deyib.

AVF-nin vitse- prezidenti Faiq Qarayev çıxış edərək Ataman Güneyligilin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib, ona qarşıdakı yarışda uğurlar arzulayıb.

Daha sonra Ataman Güneyligil və Gençer Yarkinə millimizin forması təqdim olunub.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Shares: