Neymar özünə klub tapa bilmir. Yayda PSJ-dən ayrılmağı düşünən braziliyalı yüksək səviyyəli komandada oynamaq istəsə də, Avropa nəhəngləri onun transferində maraqlı deyil.

Futbolinfo.az xəbər verir ki, hücumçunun parislilərlə daha birillik müqaviləsi var. Amma klub rəhbərliyi həddindən çox zədələnən və vacib məqamlarda komandaya yardım etməyən Neymarın qalmasında maraqlı deyil. Fanatların evinə hücum etməsindən sonra o özü də artıq Fransada qala bilməyəcəyini anlayıb.

Braziliyalı “Barselona”ya dönməyə can atır. Lakin ispanlar onun dönüşünü reallaşdırmaq niyyətində deyil. Maliyyə şərtləri bir yana, futbolçunun bu klubdan PSJ-yə gedərkən etdiklərini də unutmayıb. Futbolçu transfer haqqını ödəyərək sərbəst qalmış və Parisə yollanmışdı.

“Nyukasl”a təklif edilən oyunçu “sağsağanlar” tərəfindən də bəyənilməyib. Klub rəhbərliyi klubun ab-havasını pozmaq niyyətində deyil. Baş məşqçi Eddi Hau uğura ac olan gənc oyunçularla yola davam etmək istəyir.

Hazırda yalnız “Çelsi” variantı aktualdır. Kay Haverts Londondakı durumundan mənun deyil və “Bayern”ə keçmək istəyir. Belə olduqda “zadəganlar” futbolçuya maraq göstərə bilər. Amma Mauritsio Poşettinonun baş məşqçi postuna gəlişindən sonra bu variant da sıradan çıxacaq. Argentinalı mütəxəssis Neymarla işləmək niyyətində deyil. O, oyun fəlsəfəsinə uyğun olan futbolçular transfer edilməsini istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp