2014/15 mövsümündən bəri “Qarabağ” Çempionlar Liqasında ilk mərhələ səddini adlamağı bacarıb. Futbolumuzun keçmişini və bugününü nəzərə alsaq, möhtəşəm göstəricidir. Qurban Qurbanovun komandasının biləyini bu turnirin I təsnifat mərhələsində heç kim bükə bilməyib.

Ümumiyyətlə, 2009/10 mövsümündən bəri bütün turnirləri nəzərə alsaq, “Qarabağ” ardıcıl 13 il ilk mərhələ səddini adlayıb. Bu, nəinki Azərbaycan, postsovet məkanı üçün fantastik nəticədir.

Qarşıdakı mövsüm “Qarabağ” 14-cü dəfə buna cəhd edəcək. Doğrudur, lap ÇL-in ilk mərhələsində məğlubiyyət belə Ağdam klubunun avrokuboklarda mübarizəni dayandırmasına səbəb olmayacaq. İlk raundda məğlubiyyətdən sonra təmsilçimiz Konfrans Liqasına vəsiqə qazanacaq ki, bu da yarışın içində olmaq deməkdir. Bir mərhələni adlasa, ən azı daha iki turnirdə oynamaq imkanı əldə edəcək ki, sözün hər iki mənasında ora da gedib çıxmağa ehtiyac yoxdur. Bizi indi Qurban Qurbanovun komandasının ən azı ÇL-də bir mərhələ adlaması maraqlandırır.

Hazırda “Qarabağ”ın 15 potensial rəqibindən 9-u məlumdur. Mövsüm başa çatmadığından hələ bəzi çempionatda qaliblər müəyyənləşməyib. Üstəlik, sonda komandaların potensial rəqiblərinin sayı 5-ə düşür. Həmin dönəmdə konkretlik olacağından rəqiblərin geniş təqdimatını püşk ərəfəsində diqqətinizə çatdıracağıq. Amma yenə də vəziyyətə mikraskopla da olmasa, “silahlanmayan gözlə” diqqət ayırmaq daha məqsədəuyğun olardı. “Qarabağ” hazırda müəyyənləşən 9 rəqibdən hansı ilə düşsün, hansı ilə görüşməsin? Hər nə qədər bu bizim istəyimizlə olmasa da, arzulamaq ziyan deyil.

Təhlükəlilərdən başlayaq. Təbii ki, bu mənada gözə “tikan” kimi tarixində ilk dəfə Polşa çempionu olan “Rakuv” klubu batır. 2018/19 mövsümündə Ekstraklasaya vəsiqə qazanan komanda növbəti il elitada 10-cu yeri tutdusa, növbəti iki cəhdində 2-ci yerə sahib çıxdı. Bu il isə Marek Papşunun komandası hamını təəccübləndirərək çempionluq sevinci yaşadı. Təbii ki, son iki mövsümdə “Legiya”nın yuxuya getməsinin də burada böyük rolu var. Ötən il “Lex”i qabağa verdilər, bu il isə “Rakuv” bundan istifadə etdi. “Qarabağ” ötən il “Lex”i mübarizədən kənarlaşdıra bildi. Hərçənd poznanlılar avrokuboklarda “Qarabağ”dan da irəli getdi. Təmsilçimiz Konfrans Liqasında 1/16 final mərhələsində mübarizəni dayandırdısa, Polşa çempionu 1/4 finala qədər irəlilədi. Hətta  bu mərhələdə “Fiorentina”nı adlaya bilərdilər.

Hər nə qədər “Qarabağ” bugünə qədər qarşısına çıxan Polşa təmsilçilərinin hamısını sıradan çıxara bilibsə, bu, Çenstoxovo təmsilçisinin də kənarlaşdırılacağı anlamına gəlmir. Həm də bu il yanvarın 18-də Antalyada “köhlən atlar”ın hazırlıq görüşündə Papşunun komandasına 0:3 hesabıyla məğlubiyyətini unutmayaq.

Təbii ki, hazırlıq görüşü ilə rəsmi oyunları qarışdırmaq doğru olmazdı. “Qarabağ” çox vaxt hazırlıq mərhələsində belə desək, kimə gəldi uduzur. Amma avrokuboklarda tamam fərqli komandanı görürük. Həmin hesabı ciddiyə almağa haqqımız olmasa da, Polşa çempionundan yayınmaq möhtəşəm olardı. Çox intizamlı komanda olan “Rakuv”un futbolçuları meydanda proqramlaşdırılmış sistemlə mübarizə aparır. Bu komandanı Valeri Lobonovskinin “Dinamo”suna bənzətmək olar. Futbolçular meydanda sanki riyazi formulları həyata keçirir.

Daha bir təhlükəli rəqib isə “Haken”dir. Əslində, “Qarabağ” İsveç klublarına qarşı da çox yaxşı oynayır.   “Höteborq” və “Gefle” ilə duellərdən təmsilçimizin başıuca ayrıldığını xatırlaya bilərik. Statistika da mükəmməldir: 3 qələbə, 1 məğlubiyyət, topların fərqi – 6:1. Amma yuxarıda qeyd etdiyimiz kimi, komandamız Polşa klublarını adlayıbsa, o demək deyil ki, bu, yenə də baş verəcək. Yəni, bu sözü İsveç komandasına da aid etmək olar.

Maraqlıdır ki, “Haken” də “Rakuv” kimi öz ölkəsində ilk dəfə çempionluq sevinci yaşayır.  Bu komandanın indiyə qədər ən yaxşı göstəricisi 2015/16 və 2018/19 mövsümündə İsveç Kubokunu qazanması olub. “Rakuv”da son mövsümlər tarixində iki dəfə Polşa kubokunu qazanıb. Bir sözlə, iki oxşar komanda zəli kimi qanımızı sovura və birə kimi kürkümüzə daraşa bilər.

Digər qismən təhlükəli komanda isə Tiflis “Dinamo”sudur. Bizə o qədər tanış ölkənin komandasıdır, özü də o qədər tanış rəqibdir ki, təqdimat təkrarçılıq olacaq. Gürcülər bizi yalnız Qafqazda daha istedadlı oyunçular yetişdirməsinə görə qorxuda bilər. Yoxsa, ciddi təhlükə mənbəyi deyillər. “Neftçi” belə iki il əvvəl məhz “Dinamo”nu ÇL-də ilk mərhələdə mübarizədən kənarlaşdırmışdı. “Qarabağ” isə indiyə qədər yalnız “Samterdia” ilə qarşılaşıb və 2 oyunun nəticəsinə görə 6:0 hesabıyla mərhələ adlayıb.

Ad olaraq Şimali Makedoniya da futbol ölkəsidir. Amma klub futbolunda ciddi uğurları yoxdur. Hətta nəzərə alaq ki, “Qarabağ”ın qarşısına təcrübəsiz çempion “Struqa” çıxa bilər, ümumiyyətlə, qorxmağa dəyməz. Qurban Qurbanov belə komandaları ciddiyə alıb komandasının arxayınlaşmasına imkan vermir. Bu mənada bəxtimiz gətirib.

Bəxtdən söz düşmüşkən, Farer adalarının “Klaksvik”, Latviyanın “Valmiyera”, Şimali İrlandiyanın “Larn”, Maltanın “Hamrun” və Lüksemburqun “Svift Esperanj” komandaları da “torumuza düşsə”, bəxtəvər olarıq.

Fikir verdinizsə, bu komandalar öz ölkələrinin ənənəvi çempionları deyil. Bu il çoxu sensasiyaya imza ataraq çempion olub. Ən güclü “Rakuv”la “Haken”indən tutmuş, ən zəif “Svift Esperanj” komandasına qədər. Hələ yaxın günlərdə 6-ı da müəyyənləşəcək. Mövzunu davam etdirəcəyik…

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp