Yayda “Zirə”nin heyətində ciddi dəyişikliklər olacağı gözlənilir. Hələ də Konfrans Liqasına vəsiqə qazanmaq şansını saxlayan komandanın aqibəti bəlli olduqdan sonra gedən futbolçuların siyahısı dəqiqləşəcək.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun postunda qalacağı dəqiqdir. Bu haqda səbəbkar özü açıqlamasında bildirmişdi. Yeni müqavilə güman ki, mövsüm başa çatdıqdan sonra rəsmiləşəcək.

“Zirə”də müqaviləsi başa çatan futbolçuların sayı çox olsa da, yalnız Coşqun Diniyev, Mehdi Cənnətov, İlkin Muradov və Sərtan Taşkının gedəcəyini deyə bilərik. Onlar indidən başqa klublarla razılıq əldə edib. Digər yerli oyunçuların, eləcə də legionerlərin taleyinə isə məşqçilərin qərarı ilə aydınlıq gələcək. Həm maliyyə şərtlərindən, həm də onları əvəz edəcək futbolçuların kimliyindən də çox şey asılıdır.

“Qarabağ”dan icarəyə götürülən Rüstəm Əhmədzadə yeni mövsümdə komandaya lazım olmayacaq. “Şamaxı”da icarədə olan Cəlal Hüseynov isə düşərgəyə qayıdacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp