Dünən baş tutan derbidən sonra “Milan”ın idman direktoru Paolo Maldini maraqlı açıqlama verib. Çempionlar Liqasının hər iki yarımfinal oyununda “İnter”ə uduzan (0:2, 0:1) komandanın rəsmisi “Mediaset”in canlı efirində bu qibətə layiq olduqlarını bildirib.

Futbolinfo.az xəbər verir ki, sabiq müdafiəçi hətta bura qədər gəlmələrini uğur sayıb: “Hansı gücdə olduğumuzun fərqindəyik. “İnter” finala layiqli vəsiqə qazandı. Biz hələ 3 gündən bir 2 cəbhədə oynamağa hazır deyilik, buna çalışırıq. Klub sahibləri də bunun fərqindədir, dəfələrlə bu barədə danışmışıq. Doğrusu, Çempionlar Liqasında gözləmədiyimiz gedişat alındı, irəliləməyimiz üçün şans yarandı və yarımfinala kimi gəldik. Bundan sonra futbolçuların gözündə bir qorxu var idi, meydana bu şəkildə çıxırdılar”.

Maldini mövsümün əla təcrübə olduğunu düşünür: “Böyümək istəyən oyunçularımız var. Onlar yaxşı təcrübə qazandılar. İrəlidə onları daha çox şans gözləyir”.

Maldini ötən yay Paulo Dibalanı yox, Şarl de Keteları transfer etmələrinə də aydınlıq gətirib: “Belçikalı inkişaf etməsi lazım olan oyunçulardan biridir. Bəli, biz Dibalanı da transfer edə bilərdik, amma gələcəyin komandasını qurmaq istədiyimizdən gənc belçikalını heyətə qatdıq. Dibalanın transferi bizə titul vəd etmirdi. Dəqiq işlənmiş layihəmiz var. Gənc, istedadlı futbolçulardan ibarət gələcəyin komandasını qururuq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp