“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionar Liqasının yarımfinalında “İnter”lə cavab oyununu şərh edib. Yeganə qolun gətirdiyi məğlubiyyətdən danışan mütəxəssis hər şeyin ilk matçda həll olunduğunu deyib.

İlk görüşdə ev sahibi kimi 0:2 hesabıyla uduzan komandanın baş məşqçisi bildirib: “Yarımfinalda mübarizəni dayandırdığımız üçün məyusuq. Təəssüf ki, birinci oyunun ilk 15 dəqiqəsində uduzmuşduq. Cavab qarşılaşmasında şansımızdan istifadə etmək üçün bir neçə dəqiqəmiz oldu və bu, bizə kömək edə bilərdi. Ancaq fürsətlərdən yararlana bilmədik. Finala çıxmaq istəyirdik”.

Pioli oyunçularını qınamır: “Futbolçularımı heç nəyə görə qınaya bilmərəm, çünki onlar bütün güclərini sərf etdilər. Öz futbolumuzu oynamağa və bütün enerjimizi sərf etməyə çalışdıq. İndi mövsümü yüksək səviyyədə başa vurmalıyıq. Yarımfinal matçında 12 dəqiqədən sonra 2 cavabsız qolla uduzanda böyük fərq yaranır. Hər iki oyunda da şanslarımızdan istifadə edə bilmədik. Hücumda təhlükəli deyildik. Bu da rəqibin müdafiədə etibarlı oyunundan irəli gəlirdi. Düzgün sürət nümayiş etdirmədik, ötürmələrdə çoxlu səhvlərə yol verdik.”İnter” ilk fürsətdə qol vurdu, biz bunu edə bilmədik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp