Misli Premyer Liqasında növbəti mövsümlə bağlı bütün suallara aydınlıq gəlməyib. Düzdür, AFFA yarışda 10 komandanın iştirak edəcəyini, son pilləni tutan kollektivi I Divizionun ən güclüsünün əvəz edəcəyini elan edib. Lakin AFFA İcraiyyə Komitəsinin mövsümün sonuna nəzərdə tutulan iclasına kimi dəyişikliklərin olacağına ümid edənlər var.

Təcrübədə son pilləni titan komandalara güzəşt olunmasına dəfələrdə rast gəlmişik. AFFA rəhbərliyi hər nə qədər qətiyyətli görünsə də, İK-nın rəsmi qərarı olmadan söz-söhbətə son qoyulmayacaq. Autsayder klubların rəhbərliyi müxtəlif üsullarla təzyiqlər edir, sonuncu pillənin sahibi dəqiqləşəndən sonra bu, bir az da artacaq. Belə ki, kimsə “Araz-Naxçıvan”ın elitaya gəlməsinin əleyhinə deyil, əksinə, “Zaqatala”nın da lisenziya almasından sonra 12 komandalı Premyer Liqa arzulayanlar var.

Təbii ki, belə olsa, ortaya başqa problemlər də çıxacaq. 12 komandalı 4 dövrəli yarış mümkünsüzdür, buna təqvimdə vaxt çatmayacaq. 3 dövrəli çempionat bəzi komandaların bir sıra rəqibləri ilə iki dəfə səfərdə oynaması üzündən qarışıqlıq yaradacaq, format dəyişikliyi, “altılıq” sisteminin və s. tətbiqi isə yarışın səviyyəsinə zərbə vuracaq. Bunlarla yanaşı, idman prinsiplərinin təmin edilməsi vacibdir, uğursuz olub son pilləni tutan komandaların yarışı tərk etmək praktikası reallaşmayınca xaos davam edəcək, AFFA rəhbərliyinin sözünün qiyməti olmayacaq.

Qarşıdakı bir ay ərzində bu məsələ ciddi müzakirə mövzusu olacaq. Çünki komanda sayının artırılması həm də əlavə 6 milyon manatın təmin edilməsi sualını aktual edəcək.

Daha bir məsələ Premyer Liqada komanda sayının artırılacağı halda I Divizionun taleyinin necə olacağıdır. Əvəzedici heyətlərin yarışının bərpası ilə aşağı dəstədə çempionatın təşkili üçün lazımi sayda komanda tapmaq problemi var. İştirak üçün sənəd təqdim edənlərin sayı çoxdur, lakin onların çox ciddi problemləri – infrastruktur yoxdur, idarəçi heyət, futbolçular yetərincə deyil. Premyer Liqada sayı artırmaqdansa, Divizionu daha yaxşı təşkil edib ümumi səviyyəni qaldırmaq məsləhətdir.

Divizionda danışılmış oyunlarla bağlı problem aktual olduğundan, bura seçimlər də xüsusi dəqiqliklə aparılmalıdır, öncəki illərdə adı qalmaqalarda hallananları yaxına buraxmaq olmaz. Həm də yarışın yüksək səviyyəyə qaldırılması lazımdır ki, növbəti mövsümlərdə Premyer Liqaya yüksəlmək məsələsi qabaranda güzəştlərə ehtiyac olmasın, gələnlər gedənləri əvəz edəcək səviyyədə olsun.

Bəs, ümumi vəziyyət necədir? AFFA Divizionda neçə komandanın iştirakımı planlaşdırır? Adlar bəllidirmi?

Bu suallarla AFFA-nın baş katibi Sərxan Hacıyevə müraciət etdik: “Birinci Divizionda növbəti çempionatın 10 komanda ilə keçirilməsi planlaşdırılır. Hazırda yarışın formatı üzərində işlər aparılır. AFFA və PFL tərəfindən iştirak üçün müraciət edən komandaların sənədləri ilə tanış olmaq prosesi gedir. Bu gün üçün onu dəqiq deyə bilərəm ki, say 10-dan az olmayacaq. Adlarla bağlı hələlik açıqlama vermək çətndir. Çünki hələ də işlər aparılır. İcraiyyə Komitəsinin növbəti iclasında bütün detallar açıqlanacaq”.

Hacıyevin Premyer Liqa ilə bağlı mövqeyi zatən bəllidir. Baş katib 10 komandalı yarış və sonuncu pillənin sahibinin Divizionun qalibi ilə əvəzlənməsini istəyir. Lakin görünür o da İcraiyyə Komitəsi üzvlərinin tapşırıqlarla, xahişlərlə növbəti xaosu yarada biləcəyinin fərqindədir. Bu səbəbdən hamı qurumun mayın sonunda və ya iyunun əvvəlində baş tutacaq iclasını gözləməyə məcburdur.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp