“Bakcell Arena”nın taleyi qeyri-müəyyən olaraq qalır. 8-ci kilometr stadionunun adı çoxdan dəyişməli olsa da, AFFA və “Bakcell”in anlaşa bilməməsi, müzakirələri davam etdirməsi üzündən məsələyə nöqtə qoyulmayıb.

Futbolinfo.az xəbər verir ki, əslində, AFFA-nın “Bakcell” ilə müqaviləsi hələ ötən ay bitib. Bu səbəbdən qurumun balansında olan stadionun adı çoxdan dəyişdirilməli idi. “Bakcell” öncə əməkdaşlığı davam etdirməkdən imtina etmiş, sonradan danışıqlar yenidən bərpa olunmuşdu. Bu səbəbdən AFFA gözləmə mövqeyi tutmuşdu. Lakin yaxın günlərdə yekun qərar veriləcək.

Əsas məsələ odur ki, AFFA “Neftçi”yə icarəyə verdiyi stadionu birdəfəlik kluba satmaq istəyir. Hazırda danışıqlar son mərhələdədir. Paytaxt təmsilçisi bunu edə bilsə, arenanın adını verəcəyi şirkəti özü tapacaq/seçəcək. Anlaşa baş tutmasa və stadion AFFA-nın nəzdində qalsa, “Bakcell” ilə işbirliyi davam etdiriləcək.

Shares: