Keçmiş Sovet İttifaqının basketbol mərkəzində * Litvanın Kaunas şəhərində “Dördlər finalı” sona çatıb. Futbolda olduğu kimi, Madrid “Real”ı basketbolda da əzmkarlıq dərəcəsinin nə qədər yüksək olduğunu nümayiş etdirib.

Əvvəlcə qeyd edək ki, Madrid təmsilçisi həlledici mini-turnirə yollanmaq üçün evdə ilk iki oyunda məğlub olduğu “Partizan” komandasını mübarizədən kənarlaşdırmışdı. Bu il göstərdikləri oyuna görə çoxları “Olimpiakos” və “Barselona”nı Avroliqanın favoriti sayırdı. Belə ki, yunanlar müntəzəm çempionatın qalibi olmuşdular. Onların çempionatda 34 oyundan 24-də qələbə qazanması və bu oyunlarda rəqiblərə cəmi 2587 xal verməsi qeyd edilməlidir. Komandanın heyətində Volkop və Slukas kimi ulduzlar və çempionatın MVP-si seçilən Saşa Vezenkov var. “Barselona” isə Pirey təmsilçisindən sonrakı yeri tutmuşdu.

Bütün bunlara baxmayaraq, “Real” yarımfinalda katalon klubunu son periodda qazanılan xalların sayəsində məğlub etdi. Nəzərə almaq lazımdır ki, cəzalı olan Herşon Yabusele “Dördlər finalı”nda komandasına yardım edə bilməyib. Onun yoxluğunda Edi Tavareş dabl-dabl etməklə qələbəyə töhfə verib. Komandanın əsas silahı Mirotiç qeyri-dəqiqliyi ilə diqqət çəkib.

Beləliklə, finala “Olimpiakos” və “Real” yüksəlib. Oyunu izləmək üçün Yunanıstandan Kaunasa 7 minə yaxın azarkeş gəlib. Xatırladaq ki, “Olimpiakos” tarixində 3 dəfə Avroliqa qalibi olub.

Əvvəlcədən qeyd etmək lazımdır ki, final həddindən artıq maraqlı alınıb. Bəlkə də azarkeşlər son illərdə ilk dəfə belə final izləyiblər. Təkcə onu qeyd etmək lazımdır ki, ilk hissədə 11 dəfə üstünlük bir komandadan digərinə keçib.

İki period ərzində komandalar hərəyə 45 xal toplayıb. Fasilədən dərhal sonra isə yunanlar böyük sıçrayışla fərq yaradıblar. Son periodda onların üstünlüyü bəzi vaxtlarda 7 xala çatıb. Amma məsələni veteranlar həll ediblər.

Əsas heyətdə olmayan və vaxtilə İspaniya millisində dünya səviyyəli turnirlərdə xarüqələr yaradan Rodriges, Yul və Fernandes görüşdə dönüş yaratmağı bacarıblar – 79:78. Həlledici son atışın sahibi məhz Yul olub. O , sona 3,1 saniyə qalmış iki xallıq atışı ilə komandasını önə keçirib. Qalan müddət ərzində Kostas Slukasın atışı dəqiq olmayıb. “Fənərbağça” ilə seriyanın 3-cü oyununda son saniyədə 3 xallıq atışı ilə cütün taleyini həll edən basketbolçu bu dəfə rəqibi məyus edə bilməyib. Oyunda ən çox xalı Saşa Vezenkov yığıb (29 xal).

11-ci dəfə Avroliqanın qalibi olan Madrid “Real”ının heyətində Serxio Rodriges 15 xal toplayıb. Finalın MVP-si isə Edi Tavareş olub. Madridlilərin mərkəz oyunçusunun aktivində 13 xal və 10 ribaund var.

bfb566b8 b193 4039 88ef 49dbf7ca9623 - Futbolinfo.az
Shares: