MBA-da hər şey son mərhələyə yaxınlaşır. Demək olar ki, finalçılar müəyyənləşmək üzrədir. Hər iki kofransda hesab 3:0-dır.

Denver komandasının “Leykers” üzərində bu cür üstünlüyü ehtimal edilsə də, “Boston Seltiks”in belə acınacaqlı vəziyyətə düşəcəyini heç kim gözləmirdi. Bunu MBA-nın əfsanələrindən Mecik Conson da qeyd edib. Dünənki oyundan sonra fikirlərini bildirən əfsanəvi müdafiəçi heç vaxt bu komandanın məğlubiyyətlə barışacağını gözləmədiyini və dəyişikliklərin vacib olduğunu vurğulayıb.

Evdə keçirdiyi ilk iki oyunda məğlub olan “Seltiks” Mayamidə rəqibə müqavimət belə göstərə bilməyib – 102:128. Oyunun taleyi fasiləyə qədər həll edilib. Məhz elə buna görədir ki, hər hansı basketbolçunun yüksək məhsuldarlıq nümayiş etdirdiyini görmək mümkün deyil. Son period formallığa çevrildiyindən baş məşqçilər ehtiyat basketbolçuları meydançaya buraxıblar. Mayami komandasında türkiyəli Yurdsevən də meydançada olub və 2 xal toplamağı bacarıb. Ən məhsuldar basketbolçu isə 29 xal toplayan Vinsent olub.

Oyunda çox zəif təsir bağışlayan “Seltiks”in ulduzlarından biri Ceylon Braun biabır olduqlarını qeyd edib. Baş məşqçi Co Mazualla isə məğlubiyyətin günahkarı özü olduğunu bildirib.

Seriyada 3:0 öndə olan Mayami basketbolçuları növbəti oyunda evdə qələbə qazanacaqları təqdirdə son 3 ildə ikinci dəfə finala yüksələcəklər.

Shares: