Bu gün dünya tennis tarixinin, Serbiyanın isə bəlkə də idman tarixinin ən böyük qəhrəmanının ad günüdür. Novak Cokoviçin 36 yaşı tamam olur. “Böyük dəbilqə” seriyalı turnirlərdə Rafael Nadalla birlikdə ən çox – 22 dəfə çempion olan Nole prinsipial və qeyri-adi fikirləri ilə çoxlarının rəğbətini qazanıb.
Cokoviç tennisdə elə bir vaxtda səhnəyə çıxıb ki, azarkeş və fanat sarıdan əziyyət çəkib. Bunun da səbəbi Federer və Nadalla eyni vaxtda oynamasıdır. Son 20 il ərzində tennis dünyası iki hissəyə bölünüb. Biri Federer , digəri isə Nadal hissəsi. Azarkeşlərin də rəğbəti bu iki dahi tennisçi arasında paylaşıb. Amma belə bir vaxtda Novak da öz payını götürə bilib. Bunu isə sıradan bir tennisçi bacarmazdı. Məhz bu amil onun dahiliyindən xəbər verir.
Ot örtüklərinin ağası Federer, torpaqda Nadal olduğu halda sintetik kortların ustası Cokoviç olub. İl ərzində turnirlərin əksəriyyəti məhz belə kortlarda keçirildiyinə görə serb tennisçi daha çox titul qazanmağı bacarıb. Bu amil onun reytinq sıralamasında hamıdan çox 1 nömrə olmasına da yardım edib.
Novak Cokoviç 36 yaşını qeyd etdiyi ilində nələri bacarıb? Əvvəla, onu xatırladaq ki, ilə Avstraliyada çempionluqla başladı. Bu, onun karyerası ərzində 10-cu titul idi. Bununla da Novak Rafael Nadaldan sonra hər hansı bir “Böyük dəbilqə” turnirində çempionluq sayını ikirəqəmli etdi. Bundan sonra uzun illər ərzində o, “Australian Open”in şahı kimi tarixdə qalacaq.
Çempionluqdan sonra bir müddət istirahət edən Cokoviçin qayıdışı elə də uğurlu alınmayıb. Melburnda zədə ilə oynadığını bildirsə də, çoxları buna inanmırdı. Amma bunun həqiqət olduğu sonrakı yarışlarda ortaya çıxır. Novak artıq keçənilki deyil. Gənc tennisçilər onu məğlub etməyin yolunu tapıblar. Bu da daha bir əfsanənin dövrünün bitməsi deməkdir. Bu gün bir çoxları onun daha bir “Böyük dəbilqə” turnirini qazanmasını arzulamır. Əksər azarkeşlərin fikrincə bu, tennis tarixində bir haqsızlıq olar. Çünki əksəriyyət onun dünya tarixinin ən güclüsü olduğunu qəbul edə bilmir.
Bu il ABŞ-yə vaksin olunmadığına görə getməyərək turnirlərdən kənarda qalan Cokoviç torpaq seriyasını uğurlu keçirmədi. Monte-Karloda o, 1/8 finala qədər irəlilədi və gənc italyan Lorenzo Musettiyə məğlub oldu. Bosniya və Herseqovinadakı turnirdə də uğursuzluq davam etdi. Ən çox sevdiyi turnirlərdən biri olan Romada isə Holger Runeyə məğlub oldu. 6 dəfə İtaliya paytaxtında çempion olan Novaka Joze Mourinyonun tribunalardan onu izləməsi, heyranı kimi avtoqraf alması da yardım etmədi.
Bir çoxları son zamanlar serb tennisçinin oyunundakı enişi təkcə yaş və zədədə görmür. Son vaxtlar Novakı tennisdən kənarda tez-tez görmək olur. Bəlkə də bu, onun tennisə daha az diqqət verməsindən irəli gəlir. Bir sıra tədbirlərdə iştirak edən Novak azarkeşi olduğu “Milan” komandasının “İnter”lə oyununda da tribunada idi. Roma turniri üçün İtaliyada olub bu cür imkanı əldən verməyi Novak özünə bağışlamazdı.
Tennisə diqqətin azalmasını təsdiqləyən xəbərlərdən biri də onun Belqraddakı mərkəzinin bağlanmasıdır. Həyat yoldaşı ilə birlikdə sahibi olduğu “Taqa 2016” şirkətinə məxsus tennis mərkəzinin bağlanma səbəbi ərazinin geri qaytarılması göstərilir. Neçə ildir “Novak” tennis akademiyasına xidmət edən bu ərazi şəhər bələdiyyəsinin himayəsinə verildi. 10 il ərzində həmin akademiya minlərlə uşağın gəlib həvəslə tennislə məşğul olduğu yer idi. Bu müddət ərzində orada onlarla turnir keçirilmişdi.
Tennisdən kənar işlər isə normal axını ilə davam edir. Bu yaxınlarda yayılan məlumata görə Novak Cokoviç öz komandası ilə Formula 1 ulduzu Şarl Leklerin komandasına qarşı oynayacaq. Görüş sabah Monakoda keçirilməlidir.
Serbin heyətinə baxanda idman azarkeşinin gözləri qamaşır: Su xizəkçiliyi idmanı üzrə dünya çempionu Liza Battalya, keçmiş futbolçular Klod Püell, Frederik Deyu, Flavio Roma, Sebastyan Peres, Qreq Kampi. Digər tərəfdə isə Pyer Qasli, Fernando Alonso, Karlos Sayns kimi məşhurlar var.
Bütün bunlardan hiss olunur ki, Novakın tennisdə motivasiyası azalıb. Əlbəttə, o, tarixə ən çox “Böyük dəbilqə” turniri qazanan kimi düşmək istəyir. Bunun üçün əla fürsət var. Keçən il o özü də ən azı 25-26 dəfə “Böyük dəbilqə” seriyalı turnirlərdə çempion olmaqla tarixin ən güclüsü sualına birdəfəlik cavab vermək fikrində olduğunu dilə gətirmişdi. Qarşıdan “Rolan Qarros” gəlir. Fransa kortlarının ağası Rafael Nadal zədə səbəbi ilə yoxdur. Məhz onun yoxluğunda dünya tarixinin ən güclüsünü isbat eləmək olar.
İLQAR AĞAYEV